Qurban Qurbanov: Rəqibin yaxşı müdafiə və hücum xətti var
Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var, sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin və onların ailələrinə səbir versin.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Fransanın “Nant” komandasını qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, həmişə futbolçularımıza hansı komandanı təmsil etdiklərini xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız işğaldan azad edilib. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barədə oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. İşimiz çətin olsa da, komandanı görüşə tam hazırlamalıyıq.

Heyətdə Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medinanın zədəli olduğunu bildirən Q.Qurbanov deyib: “Bədavi Hüseynovun ümumi vəziyyəti pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq”.

Baş məşqçi “Nant” klubunun statistikası barədə məlumatı olduğunu vurğulayaraq qeyd edib ki, rəqibin ötən mövsüm Fransa kuboku yarışını qazanması təsadüf deyil. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Bunu özümüzü sığortalamaq üçün demirəm. Bütün komandalarda hansısa zəif nöqtələr olur.

Qeyd edilib ki, “Qarabağ” klubu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması ilə bağlı “Nant”la oyunun bir dəqiqəlik sükutla başlaması üçün UEFA-ya müraciət edib. Avropa futbol qurumu cavabını matçın keçiriləcəyi gün açıqlayacaq.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Xəbər 202 dəfə oxundu.