Bakıda AİPS İK-in iclası və gənc idman jurnalistlərinin treninqləri keçiriləcək
Sentyabrın 21-dən 24-dək Bakıda Beynəlxalq İdman Jurnalistləri
Assosiasiyası (AİPS) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bununla
əlaqədar olaraq AİPS prezidenti Canni Merlo başda olmaqla, təşkilatın
rəhbərliyi və eləcə də bütün qitələr üzrə müvafiq qurumların
prezidentləri ölkəmizə gəliblər.

İclaslar Hilton otelində keçiriləcək. Tədbir çərçivəsində, qonaqlar
Bakıda sentyabrın 22-də futbol üzrə 17 yaşadək qızlar arasında
keçirilən dünya çempionatının təntənəli açılış mərasimində iştirak
edəcəklər.

Bundan başqa, AİPS Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman
jurnalistləri üçün tədris proqramını həyata keçirəcək.
Qeyd edək ki, 23 günlük Gənc Reportyorlar Proqramına AİPS-in 5
qitədən – Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar
arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub. Onlar
Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının
keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcəklər və hər
biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məaqlələr
hazırlayacaq. Onlar Bakıda Təşkilat Komitəsinin seçdiyi Azərbaycanlı
həmkarları ilə birgə çalışacaqlar.

Bundan başqa jurnalistlər üçün Keir Radnedge, Edna Zhou, Raymond Çiu, Terence O`Rorke, (WADA), Eunju İM (sabiq FİFA referisi), Fridrix Stikler (European Lotteriesin prizidenti), Roslin Morris – AİPSin baş katibi, Layma Janusonyte (AİPS-in vitse-prezidenti) kimi tanınmış və təcrübəli mütəxəsisslər məşğələlər aparacaqlar.

Sentyabrın 21-də, səhər saat 10.00-da Park İnn mehmanxanasının “Dan
ulduzu” zalında Həm AİPS İcraiyyə Komitəsi iclasının, həm də Gənc
Reportyorlar Proqramının açılış mərasimi olacaq.

Xəbər 1265 dəfə oxundu.