Boksçularımız “Bakı səddi”ni aşıb, Parisi “Fəth etməyə” gedirlər
WSB seriyası üzrə Asiya qrup yarışlarını ən yüksək - 31 xalla başa vuran "Baku Fires" komandası yarımfinal mərhələsinin ilk görüşünü aprelin 9-da "Sərhədçi" idman olimpiya mərkəzində keçirdi. Komandamızın rəqibi Avropa qrupundan olan lider Fransanın "Paris United" klubu idi.
İlk olaraq rinqə çəkiləri 54 kq olan boksçular çıxdılar. Bu çəkidə komandamızı təmsil edən Məhəmməd Əbdülhəmidovun rəqibi Fransa komandasının gürcüstanlı legioneri Georgi Kilinava idi. Ertəsi gün toyu olacaq Məhəmməd həyatının ən əlamətdar günü ərəfəsində bu məsul döyüşə layiqincə hazırlaşmaq üçün vaxt tapıb və mükəmməl hazırlığa lazım olan daxili qüvvəni toparlaya bilib. Görüş 49:46 hesabı ilə boksçumuzun qələbəsi ilə başa çatıb.
İkinci döyüş çəkiləri 61 kq olan boksçular Semyon Qrivaçov və Abdülqədir Çadi arasında oldu. Burada komandamızı təmsil edən adı birinci çəkilən boksçu idi. Bu görüş də rinq sahibinin üstünlüyü şəraitində keçdi . S.Qrivaçov 5 raundun 5-də də rəqibindən güclü olduğunu yumruq zərbələri ilə sübut etdi. Görüş 49:46 hesabı ilə boksçumuzun xeyrinə başa çatdı. Ümumi hesab 2:0 oldu.
Rinqə Məhəmməd Nuriddinov ("Baku Fires") və Stefan Kevas (Paris United) dəvət olundular. 73 kq çəki dərəcəsinin nümayəndələri arasında keçən bu döyüşdə yenə də rinq sahibi güclü idi. Xüsusən də sonuncu raundda artıq tamaşaçılar əmin idilər ki, komandalar arasında ümumi hesab 3:0 olacaq. Elə də oldu. Bu dəfə də bizim boksçumuz qalib gəldi.
Çəkiləri 85 kq olan Denis Poyasika və Fransa komandasının üzvü Lüdviq Qroje arasındakı döyüş fiziki cəhətdən daha güclü olan Fransa idmançısının qələbəsi ilə başa çatdı. L.Qroje bütün yarış iştirakçıları arasında ən gözəl atletik bədənə malik boksçu idi. Civə kimi titrəyən qabarıq əzələləri bədənini tuncdan tökülmüş heykələ bənzədirdi. Onun döyüş manerası, fiziki qüvvəsindən bacarıqla istifadə etməsi qarşılaşmanın taleyini həll etdi. Fransalı boksçu komandasına bir xal qazandı.
Birinci yarımfinal görüşünün taleyi artıq məlum olsa da, komandamıza hər döyüşün nəticəsi çox əhəmiyyətlidir. Belə ki, aprelin 15-də Fransada keçirilən cavab görüşü üçün daha münbit bir zəmin yaratmalıyıq. Buna görə də sonuncu görüşdə boksçumuz Məhəmmədrəsul Məcidova (91 kq) inam böyük idi. Onu da qeyd edək ki, gələn ayın sonunda Çində keçiriləcək lisenziya turnirində çıxış etməklə Londona vəsiqə qazanmaq imkanına malik olan bu boksçu ilə artıq İtaliya boks federasiyası çox maraqlanır və onu London olimpiadasında öz sırasında görmək istəyir. Çində lisenziya döyüşündə də M.Məcidovun rəqibi italiyalı Klemento Russo olacaq. Bu gün boksçumuz olimpiadaya lisenziya qazanmağı birinci məqsəd sayır. Amma özünün dediyinə görə, lisenziya döyüşünə hələ çox var. Bu gün "Baku Fires"ə dəstək lazımdır.
M.Məcidovun rəqibi Toni Yoka da istedadlı boksçudur. Görüş kifayət qədər gərgin mübarizə şəraitində keçdi. Son iki raundda boksçumuz döyüşü taktiki cəhətdən çox ağıllı qura bildi və bu da ona qələbə gətirdi.
O biri yarımfinalda "Astana Arlans" "Los Anceles Motodors"a 4:1 hesabı ilə qalib gəlib.

Ə.FƏRƏCOV

Xəbər 1167 dəfə oxundu.