Yeniyetmə cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Yarışda baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) çıxış edəcəklər.

Dünya çempionatına hazırlıqla bağlı yeniyetmələrdən ibarət millimiz avqustun 8-dən 13-dək Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışı keçib. Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı, Qazaxıstan və Kiprdən olan idmançılarla birgə baş tutan hazırlıq prosesində yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik ediblər. Bunun ardınca cüdoçularımız Bakıda “Cüdo-2012” klubunun idman zalında mötəbər yarışa hazırlıqlarını davam etdiriblər.

ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu yığmanın düşərgəsində olub hazırlıq prosesini yaxından izləyiblər.

Qeyd edək ki, cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

Xəbər 204 dəfə oxundu.