“Azərreyl”in baş məşqçisi: “Bu məğlubiyyətlər bizim üçün faciə deyil” - MÜSAHİBƏ
“Azərreyl”in baş məşqçisi Alessandro Çiappini Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunmuş IV beynəlxalq turnirdən sonra Polşa mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular”la ilk yarışında “Dinamo” (Rusiya, Moskva), “Tauron” (Polşa) və “Srvena Zvezda”ya (Serbiya) uduzaraq, sonuncu olan italiyalı çalışdırıcı oyunları və yeni komandası barədə danışıb.

- Polşada keçirdiyiniz oyunlarda qələbə qazana bilmədiz. Komandanızın belə oynamasının səbəbi nədir?
- Bu məğlubiyyətlər bizim üçün faciə deyil. Çünki bu turnir bizim üçün bir növ sınaq poliqonu idi. Belə matçlarda heç vaxt istifadə edilməyən yeni oyun sistemini nəzərdən keçirmək mümkündür ki, biz də bunu etdik.

- Amma düşərgənizdə olmayan voleybolçularınız da var...
- Bəli, heç də bütün oyunçularım sərəncamımda deyildi. Onlar yığmaların heyətində Avropa çempionatının qrup mərhələsində mübarizə aparırdılar. Lakin buna baxmayaraq, oyundan-oyuna artırırıq. Hiss olunur ki, müsbət mənada irəliləyişlər var. Qarşılaşmalar zamanı müəyyən taktiki gedişlərə də əl atırdıq. Çünki mən belə matçlarda mümkün qədər çox variantları yoxlayıram. Elə bu da belə qarşılaşmaların əsasını təşkil edir.

- Müəyyən müddət sonra Polşaya qayıtmağınız sizi təsirləndirmədi?
- Qısa fasilədən sonra yenidən Polşada olduğum üçün xoşbəxtəm. Polşa voleybolunu və azarkeşlərini sevirəm. Bu ölkədə idmanın bu növünə olan diqqət məni heyrətləndirir və Polşada keçirilən hər bir oyunu izləməkdən həzz alıram.

- Bəs 2008-ci ildən keçirilən Aqata Mroz-Olşevskaya turnirini necə qiymətləndirirsiz?
- Belə bir yarışın keçirilməsi ideyasını yüksək qiymətləndirirəm. Bu, əla bir təşəbbüsdür. Bilirəm ki, əvvəl bu turnir milli komandaların iştirakı ilə təşkil olunurdu. Həmin vaxt baş məşqçi kimi orada iştirak etmişəm. Təşkilatçılara bizə yaradılan bu imkan üçün təşəkkürümü çatdırıram. Təbii ki, turnirin ən vacib tərəfi isə Aqata Mroz-Olşevskayanın şərəfinə keçirilməsidir.

- Yarışda komandaların seçiminə münasibətiniz necədir?
- Yaxşı. Buraya güclü komandalar dəvət olunub. Elə təşkilatçılıq da bu klublara uyğun yüksək səviyyədədir.

- Azərbaycan Super Liqası barədə nə deyə bilərsiz?
- Orada 6 klub oynayır ki, onlardan 5-i avrokuboklarda iştirak edir. Digər komanda isə onlardan gücünə görə az geri qalır. Super Liqa çox güclüdür. Çünki orada rəqabət ilk sırada durur.

- Komandanızı həmin klublarla necə müqayisə edərdiz?
- Kollektivimizi digərləri ilə müqayisə etsəm heyətdə oyunçular arasında balans var. Bizdə digər klublar kimi böyük adlar, ulduzlar olmasa da, komanda oyununa üstünlük verəcəyik. Əslində, özüm də klubumuzda aşkar liderin olmasına qarşı idim. Çünki oyunumuzun daima 1 və ya 2 voleybolçunun üzərində qurulmasının əleyhinəyəm. Bütün turnirlərdə oynadığımızdan balanslaşmış, hər cəhətdən güclü olan bir kollektiv formalaşdırırıq, lap əsl komanda kimi.

Xəbər 991 dəfə oxundu.