Foqtsun qəribə məntiqi ilə uçurum arasında
Kamran, tir-dirək və rəqib rüsvayçılığa yol vermədi

Qəribə məntiqdir: Berti Foqts oyundan əvvəl elan etmişdi ki, Braqaya xal qazanmaq üçün yollanmayıb. Onun vəzifəsi təcrübə toplamaq idi. Nəticəsi göz qabağındadır: hədəfə zərbə 0 (Portuqlayiada - 13), hədəfdən yayınan zərbə 2 (12), künc zərbələri 2 (22) – Azərbaycan milli komandasının Portuqaliya səfərinin UEFA-nın rəsmi saytında dərc olunmuş statistik həqəqət mənzərəsi budur.
Baş məşqçinin özünün nə təcrübə topladığını deyə bilmərəm, lakin futbolçuların bu səfərdən nəsə bir dərs götürməsinə şübhə ilə yanaşıram. Çünki Foqts bu oyunda qurduğu taktikanı, göstərişlərini, seçdiyi strategiyanı, məncə, özü də dəqiq bilmir. Belə görünür ki, onun vəzifəsi, sadəcə, çox top buraxmamaq olub. Doğma divarlar arasında oynasa da, Lüksemburqun bu komanda ilə görüşündən də o, bir nəticə çıxara bilmədi. Çox təəssüf ki, onun nağıllar aləmi hələ də davam edir.
Matçın gedişi göstərirdi ki, futbolçularımız bu qarşılaşmada rəqibə sinə gərməklə olmasa da, bir az bəxt, bir az iradə, bir az inad, bir az da istəkdən fərqlənə bilərdilər. Bunun üçün Foqts qarşılaşma üçün lazım olan taktiki oyunu təyin etməli idi. Bu səfərdə qarşıya təcrübə toplamaq vəzifəsi qoyulmuşdusa, futbolçular da lazımi oyun strategiyası ilə yüklənməli idilər.

Yəqin, Foqtsa agah deyil ki, ən qədim zamanlardan bu günə qədərki məlum fəlsəfi həqiqətə görə, mübarizə aparmadan istəyə çatmaq mümkün deyil. Meydanda çarpışmaq istəməyən komanda hansı təcrübəni toplaya bilər? Hərçənd 2016-cı ildə məqsədli futbol oynamaq istəyən komanda artıq indidən Portuqaliya kimi komandalarla rəqabət aparmaq üçün potensialını bərkə-boşa çəkməlidir. Bunun üçünsə qorxaq deyil, normal futbol oynamaq lazımdır.
Görüşdə Kamran Ağayevin fədakarlığı, dirək və tir, həmçinin də rəqib futbolçüularının ən çətin vəzifəni yerinə yetirib qapını dəqiq nişan ala bilməmələri də bir işarə idi. Bundan istifadə edib oyun quruculuğunda bir qədər fəallıq və ani taktiki qərarlarla çox şeyə nail olmaq mümkün idi. Çox təəssüf ki, Foqts bunu görmədi. Hətta bir saat ərzində qapıya yol tapa bilməyib, get-gedə öz ipini itirməyə meylli olan rəqibin psixoloji durumu da ona təsir etmədi.

Bu oyunda komanda öz qapısına qanrılacaqdısa, hücumçular və onların əvəzlənməsi nəyə gərək idi? Foqts eyni xoşbəxtliyi 10 müdaifəçi ilə də axtara bilərdi. Bir komanda ki, meydanda xal qazanmaq üçün mübarizə aparmır, onun vəzifəsi də «Parni iz Baku»nun mill komanda ilə bağlı səhnəciyindən başqa bir şey ola bilməz: «Ronaldinyu vurur, 0:2, əla! Kimin «dux»u çatar ki, 2 top buraxdığımıza görə bizə bir söz desin,». Məsələ bu «dux»da deyil. Onsuz da buna görə, həqiqətən də, Foqtsa kimsə nəsə deməyəcək. Lakin heç bir məşqçi bunu özünə sığışdırmamalıdır. Rəqib nə qədər çətin, mürəkkəb olsa da, insan faktoru, inam, ümid hər zaman onu tərk etməməli, mübariz olmalıdır. Portuqaliyada Azərbaycan komandası «çarəsiz onbirlik»dən başqa bir şey deyildi. Foqtsun bu iradəsizliyi, ilk növbədə, onun özünə şərəf gətirməyəcək. Məqsəd yox idisə, bu oyun «Portuqaliya vakxanaliyası»ndan başqa bir ada layiq ola bilməz. Elə oyundan sonra Elnur Allahverdiyevin Kriştianu Ronaldu ilə bağlı mətbuatda açıqlaması aydın göstərir ki, hətta Ronaldu kimi ulduz faktoru da bəzən böyük təziyq vasitəsinə çevrilmir və bu an fürsəti qaçırmaq olmaz.

Bir sözlə, bu oyun nə Foqtsa, nə onun oyunçularına, nə də assosiasiya funksionerlərinə nə təcrübə toplamaq imkanı verdi, nə də başucalığı gətirdi.

Xəbər 1332 dəfə oxundu.