“Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
«UEFA Best Player in Europe» mükafatının azərbaycanlı jüri üzvü Rasim Mövsümov:: “Səsvermədə iştirak edənlərə təzyiq və ya «tapşırma»dan söhbət belə gedə bilməz”



«Barselona» və İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyestanın Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu seçilməsi qalmaqala səbəb oldu. Belə ki, özünün «UEFA Best Player in Europe» adlanan mükafata sahib çıxacağını gözləyən «Real»ın və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldo UEFA-nın keçirdiyi sorğunun nəticələrindən narazılığını gizlətmədi.

Monakoda baş tutan səsvermədə Azərbaycanı 2000-ci ildən həmçinin «FIFA Ballon d’Or» («Qızıl top») və 2012-ci ildən «Golden Foot» («Qızıl ayaq») mükafatlarının münsiflər heyətinin üzvü olan Rasim Mövsümov təmsil edib. O, UEFA-nın tədbiri barədə ətraflı məlumat verdi:

- «UEFA Best Player in Europe» 2011-ci ildə Avropa Futbol İttifaqının prezidenti Mişel Platininin təşəbbüsü ilə təsis olunub və «İlin ən yaxşı klub futbolçusu» mükafatını əvəz edib. Xatırladım ki, ötən il də qitənin ali futbol qurumunun Monakodakı tədbirində Azərbaycanı mən təmsil etmişəm. O vaxt Messi 39, Xavi 11, Ronaldo isə 3 səs qazanmışdı.
Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuya gəlincə, səsvermədə UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edib. Sorğunun ilkin mərhələsində hamıdan çox xal toplayan İnyesta, Messi və Ronaldo UEFA-nın mükafatı uğrunda mübarizəni davam etdiriblər. Xatırladım ki, İnyesta bu il İspaniya yığması ilə Avropa çempionu olub və qitə birinciliyinin ən yaxşı futbolçusu seçilib. Messi 2011/12 mövsümündə La Liqada 50 qol vuraraq Avropanın «Qızıl buts» mükafatını qazanıb və ardıcıl 4-cü dəfə Çempionlar Liqasının bombardiri olub. Ronaldo isə İspaniya çempionluğunu (46 qolla) və Avropa birinciliyinin bürünc mükafatını qazanıb.
Səsvermənin həlledici mərhələsi Monakodakı «Grimaldi Forum» sarayında Çempionlar Liqası qrup yarışının püşkatmasından sonra keçirildi. İspaniyalı İnyesta rəqiblərini cəmi 2 səs qabaqlayaraq Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu seçildi: o, 19, Messi və Ronaldo isə hərəyə 17 səs qazandılar. Qeyd edim ki, mən Monakoda Ronaldoya səs verdim.

- İnyestanın «ən yaxşı» seçilməsi gözlənilməz olmadı ki?

- Sözün doğrusu, mənim üçün gözlənilməz oldu. Çünki səsvermədən əvvəl Türkiyə, Ukrayna, Gürcüstan, İsveçrə və Danimarka təmsilçilərinin fikirləri ilə maraqlandım, onlar da «Kriştianu Ronaldo» dedilər. Onlardan başqa, İspaniyanın «Marca» nəşrinin nümayəndəsinin, həmçinin Portuqaliya təmsilçisinin də ona səs verəcəyi şübhə doğurmurdu. Bu üzdən Ronaldonun qalib olacağına əmin idim. Təbii ki, Platini Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusu kimi İnyestanın adını çəkəndə təəccübləndim. Elə Ronaldo özü də bunu gözləmirdi və pərt olduğunu hiss etmək çətin deyildi.

- Yəqin ki, bu səbəbdən mətbuatda Ronaldonun UEFA nümayəndələrini növbəti dəfə «ən yaxşı» seçilmədiyi halda təltifetmə mərasimlərinə qatılmayacağı ilə hədələməsi barədə xəbərlər yayılıb.

- Əslində Ronaldonu da başa düşmək olar. O, 2007, 2009 və 2011-ci illərdə «Dünyanın ən yaxşı futbolçusu»/«FİFA-nın Qızıl topu», həmçinin 2011 və 2012-ci illərdə «UEFA Best Player in Europe» mükafatları uğrunda sorğularda ilk üçlüyə daxil olsa da, qalib adını qazana bilməyib. Amma işin maraqlı tərəfi odur ki, UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində KİV nümayəndələri xüsusi elektron sistemlə canlı səsvermə yolu ilə 3 namizəddən birini seçirlər. Yəni qalibin kimliyini qabaqcadan nə Mişel Platini, nə də başqa kimsə bilir. Səsvermədə iştirak edənlərə təzyiq və ya «tapşırma»dan söhbət belə gedə bilməz. Bu üzdən Ronaldonun məsələsinin necə həll olunacağı hamıya maraqlıdır. Amma UEFA da onun tədbirinə qatılmayanları cəza ilə hədələyə bilər.

- Sözügedən tədbirin ertəsi gün Monakoda həmçinin Avropa Liqasının qrup mərhələsinin püşkatması keçirilib. H qrupunda "İnter" (İtaliya), "Rubin" (Rusiya) və "Partizan" (Serbiya) komandaları ilə mübarizə aparacaq Azərbaycan təmsilçisi «Neftçi»nin rəqibləri barədə nə deyə bilərsiniz?

- Bu mövsüm “İnter” qeyri-sabit oyunu ilə diqqət çəkir. Avropa Liqasının seçmə mərhələsi və A seriyası çərçivəsində səfərdə keçirdiyi dörd oyunun hamısında qalib gələn Milan təmsilçisi amma evdə Xorvatiya “Hayduk”una (0:2) və “Roma”ya uduzub (1:3), Rumıniyanın “Vasluy” klubu ilə isə heç-heçə edib (2:2). Bununla belə, heyətində Uesli Sneyder, Dieqo Milito, Antonio Kassano kimi futbolçular olan “İnter”in Avropa Liqasında qrup mərhələsini adlayacağı şübhə doğurmur.
Bu mövsüm “Rubin” də qeyri-sabit oynayır. Kazan təmsilçisi Sankt-Peterburqda Rusiya çempionu “Zenit”ə qalib gələ (2:1), amma sonra öz meydanında “Terek”ə uduza bilər (1:2). Amma unutmayaq ki, “Rubin” üç il əvvəl “Barselona”nı onun meydanında məğlub etmiş (2:1) bir komandadır. Son illər qitə turnirlərində böyük təcrübə toplamış Kurban Berdıyev və komandasının da yoluna davam edəcəyi daha real görünür.
“Partizan”a gəlincə, Serbiya çempionatında işləri pis getməsə də, Belqrad təmsilçisinin əsl gücünü Avropa kuboklarındakı çıxışına görə müəyyənləşdirmək mümkündür. Hər iki görüşdə Kiprin AEL klubuna uduzaraq (0:1, 0:1) Çempionlar Liqasından uzaqlaşdırılan “partizanlar” çətinliklə Norveçin “Tromsö” komandasını keçərək (2:3, 1:0) Avropa Liqasının qrup mərhələsinə düşə biliblər. Özü də “Partizan” aparıcı oyunçuları – hücumameylli yarımmüdafiəçi Stefan Baboviç (“Saraqosa”) və hücumçu Lamine Diarranı (“Antalyaspor”) itirməklə də zəifləyib. Bu faktlara əsasən, “Neftçi”nin Serbiya klubu ilə görüşlərdə uğurlu nəticəyə imza atacağına ümid etməyə dəyər.

- Azərbaycan yığması da Dünya çempionatı-2014-ün seçmə turnirinə başladı…

- Komandamız İsraillə oyunda azarkeşlərini ümidləndirsə də, sonra Portuqaliya ilə qarşılaşmada məyus etdi. Amma ruslar və portuqaliyalılar istisna olmaqla digər rəqiblərin də çox zəif olmalarını qeyd etmək lazımdır. İstər İsrail olsun, istər Şimali İrlandiya, istərsə də Lüksemburq. Ona görə də Azərbaycan yığmasının belə bir qrupda 3-cü yeri tutmayacağı təqdirdə bunu uğursuzluq saymaq olar.

Xəbər 2822 dəfə oxundu.