Prezident İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini qəbul edib

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini qəbul etmişdir.
İdmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar, əziz idmançılar!
Mən sizi ürəkdən salamlayıram və Londonda qazanılmış böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdılar. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bizim komandamız 21 idmançı ilə təmsil olunmuşdur. İdmançılarımız medallar qazanmışlar, toplam 12 medal. Elə idmançımız da var ki, bir neçə medal qazanmışdır. Bu da hesab edirəm ki, çox gözəl nəticədir, çox böyük qələbədir. Bizim komanda 27-ci yerdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medalımız vardır. Bu, doğrudan da böyük və tarixi qələbədir. Paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya Oyunlarında iştirak edirlər. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılmışdır.
Mən Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Siz bütün xalqımızı sevindirmisiniz, peşəkarlığınızı, Vətənə bağlılığınızı göstərmisiniz. Çünki idman qələbələrinin mənbəyi Vətənə, xalqa olan məhəbbət və sədaqətdir.
Azərbaycan idman dövlətidir. Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız şərəflə çıxış etmişlər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Londonda həm olimpiyaçılarımız, həm ondan sonra sizin bizə bəxş etdiyiniz o sevincli günləri, anları biz heç vaxt unutmayacağıq. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul etmişdir.
Biz doğrudan da idmanda böyük uğurlara nail ola bilmişik. İdman infrastrukturu yaradılır. Paralimpiyaçılar üçün 2008-ci ildə yeni idman kompleksi tikilib istifadəyə verilmişdir. Mən xatırlayıram, Pekinə yola düşərkən biz sizinlə orada görüşmüşdük. Pekində də nəticələr yaxşı idi. Londonda isə nəticələr ən yüksək səviyyədədir.

Biz artıq tanınmış idman dövlətlərinin arasında özümüzə layiq yer tapa bilmişik. Əlbəttə, bu qələbə bizi həm ruhlandırır, həm də onu göstərir ki, gələcəkdə bundan da böyük qələbələr olacaqdır. Çünki o da çox əlamətdar bir haldır ki, həm Olimpiya Oyunlarında, həm Paralimpiya Oyunlarında ildən-ilə qələbələrin sayı artır və komandalarımızın komandalar arasında yeri daha da yüksəlir.
Yəni, bu, onu göstərir ki, dinamika vardır. Ona görə, vətəndaşlarımız bir növ bu vəziyyətə öyrəşmişlər. Hər dəfə idmançılardan daha da böyük qələbələr gözləyirlər və haqlıdırlar. Amma, eyni zamanda, qələbə qazanmaq çox çətindir, çox böyük fiziki, mənəvi güc və peşəkarlıq tələb edir.
Bizim qələbəmiz dünyaya səs salıb və bir də onu göstəribdir ki, qələbələrimiz təsadüfi xarakter daşımır. Həm Olimpiya Oyunlarında, ondan sonra Paralimpiya Oyunlarında komandamız ən yüksək yerlərdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir.
Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Siz bu qələbəyə layiqsiniz. Mən sizinlə və olimpiyaçılarımızla Olimpiya Oyunlarının ərəfəsindəki görüşü xatırlayıram. Biz sizi yola salarkən böyük ümidlərlə gələcəyə baxırdıq. Mən şəxsən əmin idim ki, siz bizi sevindirəcəksiniz, Azərbaycan xalqını sevindirəcəksiniz. Belə də oldu. Bu qələbə sizə layiqdir, bu qələbə Azərbaycana layiqdir, Azərbaycan da bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir, dinamik inkişaf edən dövlətdir. Bütün sahələrdə uğurlarımız var, Azərbaycan bütün sahələrdə inamla irəliləyir. Azərbaycanın istər siyasi müstəvidə, beynəlxalq aləmdə, istərsə də iqtisadi sahədə uğurları artıq reallıqdır, dünya ictimaiyyəti bunu bilir və təqdir edir. Bəzi hallarda bizim təcrübəmiz öyrənilir, Azərbaycanda gedən proseslər nümunəvi xarakter alır.
İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu, belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Bizdə çox gözəl gənc nəsil yetişir. Baxın, Olimpiya Oyunlarından sonra güləş üzrə dünya çempionatında gənclərimiz birinci yerə çıxdılar. Yeniyetmələr arasında birinci Olimpiya Oyunlarında cavanlarımız 11-ci yerə nail ola biliblər. Yəni, yeni nəsil yetişir, dinamika, düşünülmüş yanaşma, proqram, konsepsiya və dövlət siyasəti vardır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin fəaliyyəti, federasiyaların, Olimpiya və Paralimpiya komitələrinin birgə fəaliyyəti bu uğurları şərtləndirir. Amma son sözü idmançılar deyirlər. Son söz sizindir və siz də bu sözü demisiniz, bizi sevindirmisiniz, Vətənə böyük qələbə ilə qayıtmısınız. Mən sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar və cansağlığı arzulayıram.

X X X

Sonra London Paralimpiya Oyunlarında uğur qazanmış idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi oldu.
Prezident İlham Əliyev mükafatları təqdim etdi.
İkiqat paralimpiya çempionu İlham ZƏKİYEV: Çox sağ olun, cənab Prezident, Allah köməyiniz olsun. Bu, bizi yeni qələbələrə ruhlandıracaqdır. Sizin diqqətiniz sayəsində “Qızıl çinar” mükafatından sonra məşqlərimi daha da artırdım. Olimpiya Oyunlarında hər hansı bir medal mənim üçün qələbədir. 1450 gündən sonra Rio-de-Janeyroda Sizi bundan da yüksək nəticələrlə sevindirməyə çalışacağıq.
London Paralimpiyasının qalibi Ramin İBRAHİMOV: Çox sağ olun, cənab Prezident. Sizin bu diqqət və qayğınız bizi daha da ruhlandıracaqdır. Mən hələ Pekində üçüncü yerə çıxanda qarşıma məqsəd qoymuşdum ki, Londondan ölkəmizə qızıl medal gətirim. Buna nail oldum. Mənim ən böyük arzum idi ki, cənab Prezident əlimi havaya qaldırsın. Çox sağ olun.
Prezident İlham Əliyev Ramin İbrahimovun əlini havaya qaldırdı.
Məşqçi Ağanağı CƏFƏROV: Cənab Prezident, ən böyük qələbə Sizindir. Siz Ramil Səfərovu ölkəmizə gətirdiniz. Buna heç inanmaq olmurdu. Ən böyük Olimpiya çempionu Sizsiniz.
Azərbaycanın paralimpiya komandasının baş məşqçisi Məhərrəm SULTANZADƏ: Cənab Prezident, Londonda XIV Paralimpiya Oyunlarında komandamız uğurla çıxış etmiş və Vətənə böyük qələbə ilə qayıtmışdır. Hər bir idmançının ən böyük arzusu yüksək pilləyə qalxmaq, Azərbaycanın bayrağını yüksəltmək və himnini səsləndirməkdir. Sizin “Azərbaycan güclü dövlətdir və güclü dövlətin güclü idmançıları olmalıdır” sözləriniz Londonda öz təsdiqini tapmışdır. İdmançılarımız dörd qızıl, beş gümüş, üç bürünc medal qazanmışlar. Bu, böyük nailiyyətdir. Bu, Sizin və bütün Azərbaycan xalqının nailiyyətidir. Bütün paralimpiyaçılarımız adından Sizə dərin təşəkkürümüzü bildiririk.

X X X

Prezident İlham ƏLİYEV: Əziz dostlar, mən sizi bir daha təbrik edirəm. Mən çox şadam ki, doğrudan da Azərbaycan idmanı artıq dünyada özünü tanıtdırıb. Azərbaycan idmanını tanıtdıran sizsiniz - olimpiyaçılarımız, paralimpiyaçılarımız, gənclər, yeniyetmələr, uşaq idmançılarımız. Biz hamımız çalışırıq ki, Azərbaycanda idman daha da sürətlə inkişaf etsin. Hamımız çalışırıq ki, ölkəmiz daha da güclənsin, daha da öz təsir imkanlarını genişləndirsin. İdman artıq dünya siyasətində də öz yerini tapıbdır. Olimpiya və Paralimpiya Oyunları elə oyunlardır, elə yarışlardır ki, burada ölkələr bir–biri ilə rəqabət aparırlar. Bu rəqabətdə Azərbaycan yüksək yerlərdədir. Bunun da səbəbkarı sizsiniz.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Xəbər 7318 dəfə oxundu.