Elmar Baxşıyev: Bir qədər də şanslı olsaydıq, istəyimizə çata bilərdik
Bir qədər də şanslı olsaydıq, istəyimizə çata bilərdik. Komandamı təbrik edirəm, daha güclü olacağımızı düşünürəm.

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasını qəbul edən “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqib yaxşı təşkilatlanmış komanda idi. İlk oyunda 4:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, meydana ehtiyatlı çıxmışdılar.

“Ehtiyat oyunçuların olmaması mübarizəni dayandırmağımızda mühüm rol oynadı. İstərdik ki, iki heyətimiz olsun, amma hər şey büdcəyə bağlanır. Səfər oyununda əvəzləmələrdə çətinlik çəkdik. Bu gün Premyer Liqada oynaya biləcək iki ehtiyat oyunçumuz var idi. Amma qalanlarına da inanırıq. Onların çempionatda öz sözlərini deyə biləcəklərinə inanıram. Görüşün sonlarında bəzi futbolçularımız yorulmuşdu, lakin onları əvəzləyəcək oyunçumuz yox idi”, - deyə baş məşqçi əlavə edib.

E.Baxşıyevin sözlərinə görə, rəqib çox səviyyəli olsa da, komandası başabaş mübarizə apara bilib: “Püşk atıldıqdan sonra bu komanda ilə başabaş oynamağa köklənmişdik. Səbəb axtarmaq istəmirəm. Komandam zəif oynasaydı, bu, məni düşündürərdi. Komandam oyuna hazır idi və istədiyimizi meydanda qoya bildik”.

Baş məşqçi hazırda bir hücumçu transferinin gündəmdə olduğunu söyləyib: "Onunla çoxdandır danışıqlar aparırıq. Hazırda şərtlər razılaşdırılır. İnanırıq ki, həmin futbolçunu komandamıza transfer edə biləcəyik".

Qeyd edək ki, “Qəbələ” doğma meydanda Macarıstanın “Fehervar” komandasına 2:1 hesabı ilə qalib gəlib. Macarıstanda oynanılan ilk matçda isə komandamız rəqibinə 1:4 hesabı ilə uduzub. İki oyununun nəticəsinə görə, komandamız UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.


Xəbər 321 dəfə oxundu.