Koreyalı baş məşqçilər istefaya göndərildilər
Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət olimpiya yığmalarının koreyalı baş məşqçiləri Conq Conq Bay və Sun Mi Park istefaya göndəriliblər. İdman.com.az saytının məlumatına görə, bu haqda lent.az-a əsas millimizin baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.

Onun sözünə görə, hər iki mütəxəssis 2012-ci il London Yay olimpiya oyunlarında medal verə bilmədikləri üçün vəzifələrini itirib: “Onlar olimpiadadan medalla qayıdacaqlarına söz vermişdilər. Amma alınmadı. Bu səbəbdən, federasiyamızın rəhbərliyi cənubi koreyalılarla başa çatan müqaviləni uzatmadı”.

Qeyd edək ki, London olimpiadasında Azərbaycanı Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) təmsil edib. Əzizov ikinci, Əzizova isə ilk döyüşdəcə uduzaraq, medalsız qalıb.

Xəbər 995 dəfə oxundu.