Premyer Liqanın V turuna start veriləcək
Bu gün keçiriləcək 1 oyunla Premyer Liqanın V turuna start veriləcək. Milli komandaların 2014-cü il dünya çempionatının seçmə qrup oyunları ilə əlaqədar çempionatda yaranan 20 günlük fasiləyə “Bakı” – “Turan” matçı ilə yekun vurulacaq.

Paytaxtın eyniadlı təmsilçisi kimi “İnter”i də bu tur asan sınaq gözləyir. Belə ki, “bankirlər” “Sumqayıt”ı qonaq edəcək.

Keçirdiyi bütün oyunlarda uduzan “Kəpəz” öz meydanında “Qəbələ” ilə üz-üzə gələcək. “Rəvan”la “Simurq” arasındakı matçda isə təxminən bərabər səviyyəli rəqiblər üz-üzə gələcək.

Turun mərkəzi oyunu isə “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutacaq. Bu qarşılaşma əslində, ayın 16-da baş tutmalı olsa da, “ağqaralar”ın Avropa Liqasının qrup mərhələsindəki çıxışı üzündən 1 gün tez keçiriləcək.

Tura liderlərin görüşü ilə yekun vurulacaq. Turnir cədvəlinin ilk 2 pilləsində yer alan AZAL və “Qarabağ” münasibətlərini ayırd edəcək.

Azərbaycan Premyer Liqası
V tur

14 sentyabr (cümə)

20:00. “Bakı” – “Turan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15 sentyabr (şənbə)

17:00. “Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu

19:00. “Rəvan” – “Simurq”
Bayıl Arena stadionu

16 sentyabr (bazar)

18:30. AZAL – “Qarabağ”
AZAL Arena stadionu

Xəbər 917 dəfə oxundu.