Hokkeyçilərimizin rəqibləri məlumdur
Avropa kuboklarının 2013-cü il mövsümündə Azərbaycanı ötüstü hokkey üzrə kişi və qadınlardan ibarət 4 komanda təmsil edəcək. Ötüstü Hokkey Federasiyasından idman.com.az saytına verilən məlumata görə, təmsilçilərimizdən ilk olaraq mübarizəyə qadınlardan ibarət “Atasport” klubu qoşulacaq. Reytinq sıralamasına görə qitənin 8 ən güclüsü sırasına daxil olan xanım hokkeyçilərimiz Hollandiya və Almaniyanın hərəsindən 2, eləcə də, İspaniya, İngiltərə və Belarus çempionları ilə yarışacaq.

Martın 29-dan aprelin 1-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək Çempionlar Kuboku turnirində ilkin mərhələdə 4 ən güclü müəyyənləşəcək. 2 yarımqrupda təşkil olunacaq həmin turnirdə “Atasport” B qrupunda Hollandiyanın “Laren”, Almaniyanın “Ram Vays Köln” və İngiltərənin “Leyçester” komandası ilə birgə yarışacaq. A qrupunda isə Hollandiyanın “Hertogenboş”, Almaniyanın “Ulenorster”, İspaniyanın “Club de Campo Villa” və Belarusun “Ritm-Azot Grodno” klubları ilk 2 yer uğrunda mübarizə aparacaq. Növbəti mərhələyə vəsiqə qazananlar mayın 17-19-da “Dördlər finalı”nda üz-üzə gələcəklər.

Qadın otüstü hokkeyçilərdən ibarət “Bakı” klubu Çempionlar Kubokunun “Trofi” turnirində çıxış edəcək. Yarışın keçiriləcəyi yer bəlli olmasa da, rəqiblərimiz məlumdur. Paytaxtın eyni adlı təmsilçisi B qrupunda İngiltərənin “Ridinq”, Belçikanın “Royal Anverp” və Rusiyanın “İzmaylova” komandaları ilə qarşılaşacaq. Digər qrupda isə “Real Sosiedad” (İspaniya), “Railvay İnion” (İrlandiya), “Viktoriya Smoleviçi” (Belarus) və Ukraynanın “Sumçanka” hokkeyçiləri qərarlaşıb. Turnir gələn il mayın 17-20-də olacaq.

Son mövsümdə qitəmiqyaslı yarışlarda hərəyə 1 mərhələ irəliləyən Bakının kişilərdən ibarət “Atasport” və “Akkord” klublarının da növbəti mövsümdəki rəqibləri müəyyənləşib. 2013-cü il mayın 17-dən 20-dək Çex Respulikasının paytaxtı Praqada Avropa Klub Çempionatının “Çelenc I” turnirində mübarizə aparacaq “Atasport” da B qrupunda yer alıb. Onun rəqibləri Uelsin “Vimçorç”, Cəbəllütariqin “Eagles” və yerli “Plzen Limiçe” komandaları olacaq. A qrupunda isə “Servett” ( İsveçrə), “Slaviya” (Çex Resp.), “Minsk” (Belarus) və “Lipovçi” (Sloveniya) kollektivləri yarışacaq.

Avropa Klub Çempionatının “Çelenc II” turnirində qüvvəsini sınayacaq Azərbaycan çempionu “Akkord” hokkeyçiləri mayın 17-dən 20-dək Yunanıstanın paytaxtı Afinada İsveçin “Partil”, Portuqaliyanın “Assosiaro Akademika de Espinoo” və Slovakiyanın “Raka” komandalarının gücünü yoxlayacaq. Digər qrupa “Mladost” (Xorvatiya), “Grammarians”(Cəbəllütariq), “Soerbymagle” (Danimarka) və “Piqmi” (Yunanıstan) komandaları daxildir.

Xəbər 1126 dəfə oxundu.