Prezident İlham Əliyev Şamaxıdakı şahmat məktəbində olub
Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıdakı şahmat məktəbində olmuşdur.
Məktəbin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verilmişdir ki, 1986-cı ildə tikilmiş məktəbdə ötən müddətdə təmir və bərpa işləri aparılmamışdı. Məktəbin yenidən qurulmasına Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu ilin mayında başlanmışdır. Artıq əsaslı bərpa işləri başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 2116 kvadratmetrdir. Burada 7 şahmat otağı, yarış zalı və digər yardımçı otaqlar vardır. Şahmat məktəbi yenidənqurmadan sonra müasir inventar və avadanlıqla, kompyuter dəstləri ilə təchiz olunmuşdur.
Dövlətimizin başçısı uşaqların məşq prosesini izlədi.
Şahmatçı uşaq: Hörmətli cənab Prezident, gözəl Şamaxımıza xoş gəlmisiniz. Bizim üçün belə şərait yaratdığınıza görə, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çalışacağıq ki, Sizin etimadınızı doğruldaq, bu qayğıya layiq olduğumuzu sübut edək. Səsimizin Avropa və dünya birinciliklərindən gələcəyinə daim səy göstərəcəyik. Bunu şahmatçı dostlarım adından əminliklə söyləyirəm.
Prezident İlham ƏLİYEV: Artıq 10 yaşında iki medalın vardır - biri gümüş, biri bürünc. On bir yaşında gərək birini də əlavə edəsən - qızıl.
Artıq ənənə bərpa olundu. Vaxtilə ulu öndər tərəfindən bütün rayonlarda şahmat məktəbləri tikildi. O, Azərbaycandan gedəndən sonra onların bəziləri bağlandı, bəziləri satıldı, özəlləşdirildi, dağıdıldı. İndi biz bunların hamısını bərpa edirik. Nəticəni də görürük, Azərbaycan şahmatçıları Avropada birinci oldu. Bu, tarixi qələbədir. Siz də gərək bu yolu gedəsiniz.
Şahmatçı qız respublika çempionatında birinci yer qazandığını bildirərək medalını göstərdi.
Prezident İlham ƏLİYEV: Səndə artıq birinci yer vardır.
Avropa çempionu adını qazanan uşaqların hamısı gəncdir. Onların hamısı müstəqillik dövründə böyüyüblər. Çoxları müstəqillik dövründə anadan olub, böyüyüb. Yəni, bu onu göstərir ki, Azərbaycan belə gözəl övladlar yetişdirir. Şərait də vardır. Bir də ki, intellektual potensial çox yüksək səviyyədədir. Əgər belə olmasaydı, - lap sən ən gözəl şəraiti yarat, - əgər intellektual potensial, güclü məktəb olmasa, nəticə mümkün deyildir. Avropa qitəsində birinci olmaq zarafat deyildir. İndi dünya şahmatı Avropada cəmləşib. Bütün komandaları geridə qoyduq və bu, artıq bir zirvədir. Uşaqlar da əlbəttə, çalışmalıdırlar ki, o zirvəyə yaxınlaşsınlar. Ancaq bununla bərabər, əsas odur ki, onlar şahmatla məşğul olmaqla öz intellektual potensiallarını artırır, genişləndirirlər. Müəllimlərin, məşqçilərin də burada böyük rolu vardır. Ona görə biz sizdən yaxşı nəticələr gözləyəcəyik.
Məşqçi: Cənab Prezident, Siz Şamaxıya bayram ərəfəsində qədəm qoymusunuz. Bayramımızı bir gün də artırmısınız. Ona görə məktəbimizin kollektivi adından, bax bu istedadlı şahmatçılar adından Sizin bayramınızı təbrik edirəm. Arzu edirik ki, Siz uzun ömür yaşayıb Azərbaycanda bu xarüqələrin davam etdirilməsinə on illərlə rəhbərlik edə biləsiniz. Xoş gəlmisiniz. Allah Sizə yar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi bir daha bayram münasibətilə təbrik edirəm.

AzərTAc
26.11.2009

Xəbər 1210 dəfə oxundu.