Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya İdman Kompleksinin açilışında iştirak edib
Dekabrın 25-də Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, ölkəmizdə sayca 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunmuşdur.
Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılmışdır. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.
Dövlətimizin başçısı kompleksin universal idman zalı ilə tanış oldu. İdmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq quraşdırılmışdır.
İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan Azərbaycan Prezidentinə məlumat verildi ki, burada 615 tamaşaçı yeri quraşdırılmışdır. Dövlətimizin başçısı trenajor zalına da baş çəkdi. Buradakı avadanlıq müasirliyi ilə diqqəti cəlb edir. İndi ölkəmizdə ənənəvi olmayan idman növlərinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycanda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edən milli strategiya bu baxımdan geniş imkanlar açır.
Bildirildi ki, kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.
Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir. Prezident İlham Əliyev yeməkxana ilə tanış oldu.
Sonra Prezident İlham Əliyev qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusa gəldi. Burada uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 135 oturacaq quraşdırılmışdır. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar vardır.
Dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş mehmanxana ilə tanış oldu. İkimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulmuşdur. Burada 12 standart və bir lüks otaq vardır.
Açıq havadakı idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada tennis kortları, mini-futbol və voleybol meydançaları yaradılmışdır.
Prezident İlham Əliyev kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadiona da baxdı. Ən yüksək standartlara cavab verən stadionda idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon vardır.
Şağan Olimpiya-İdman Kompleksi üçün ayrıca qazanxana, transformator yarımstansiyası, üç su anbarı tikilmiş, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağaclar və gül kolları əkilmişdir.
Dövlətimizin başçısı kompleksdə görülən işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

AzərTAc
25.12.2009

Xəbər 1124 dəfə oxundu.