“Portuqaliya komandasının gücü hər kəsə məlumdur”
“Məqsədimiz normal hazırlaşıb “İnter”lə oyunda uğurlu nəticə qazanmaqdır. Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizə yaxşı təsir etdi. Var qüvvəmizlə hazırlığımızı davam etdiririk”. İdman.com.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Ceyhun Sultanov deyib. 33 yaşlı yarımmüdafiəçi Premyer Liqanın V turunda “İnter”lə səfər oyunu barədə fikirlərini açıqlayıb. O, klubunun rəsmi saytına bildirib ki, görüşdən yaxşı nəticə qazanacaqlarına inanır:

“Uşaqlarda əhval-ruhiyyə yüksəkdir. İnşallah “İnter”lə görüşdə sərfəli nəticə əldə edib uğursuzluq zolağından çıxarıq. İki gün əvvəl məşqdə zədələnmişdim. Lakin indi yaxşıyam, bu gün fərdi məşqlərlə kifayətləndim. Sabahdan etibarən isə komanda ilə birlikdə hazırlaşacağam”.

O, Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Portuqaliya ilə keçiriləcəyi oyun haqda da danışıb: “İsraillə oyunu canlı izlədim. Komanda ilk yarıda o qədər də yaxşı oynamadı. Amma ikinci hissədə millimiz daha inamlı təsir bağışladı. Qaldı ki, bu gün Portuqaliya ilə keçiriləcək görüşə, oyun yığmamız üçün olduqca çətin olacaq. 2006-cı ildə Portuqaliyada baş tutan matçda mən millinin heyətində yer almışdım. Priney təmsilçisinin gücü hər kəsə məlumdur. Yığma komandamıza bu günki qarşılaşmada uğurlar arzulayıram”.

Xəbər 1115 dəfə oxundu.