Prezident İlham Əliyev Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir
Oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev idmançılarla görüşdü, rəmzi açılışı bildirən lenti kəsdi, Olimpiya İdman Kompleksi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə “As Tikinti” MMC tərəfindən inşa olunmuşdur. Tikintisinə 2007-ci ilin yanvarında başlanmış kompleksin inşası üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 4,5 hektar torpaq sahəsi ayrılmışdır. Layihənin müəllifi gənc memar Vüqar Həsənovdur.
Üçmərtəbəli əsas binanın ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılmışdır. Burada qarderob və kafe də yerləşir.
Dövlətimizin başçısı kompleksin böyük idman zalı ilə tanış oldu. Məlumat verildi ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılmışdır.
Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Uzunluğu 36 metr, eni 24 metr olan hovuzun ətrafında 125 oturacaq vardır.
Kiçik idman zalına baxan dövlətimizin başçısına məlumat verildi ki, idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda 200 tamaşaçı yeri quraşdırılmışdır. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.
Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar vardır. Üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunmuşdur.
Açıq havada quraşdırılmış idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada 100 tamaşaçı yeri olan oxatma tiri, tennis kortu, mini-futbol, basketbol və voleybol meydançaları vardır. Güllə atıcılığı üzrə qapalı tir də inşa olunmuşdur.
Olimpiya İdman Kompleksi qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunmuş, burada mühafizə və yanğınsöndürmə sistemi quraşdırılmışdır. Kompleksin ərazisində 2,4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağaclar və gül kolları əkilmişdir.
Bu kompleks Hövsanda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla da təchiz olunmuşdur.
İdmanın oxatma növü üzrə idmançıların çıxışını izlədikdən sonra Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi:
- Nə var, nə yox? Necədi işlər? Fərid Mansurov ikiqat dünya çempionu oldu, gərgin mübarizədə çox yaxşı nəticə göstərib. Ümumiyyətlə, bizim güləş üzrə komandamız dünya miqyasında birinci yeri tutmuşdur. Həm Avropa çempionatında, həm də dünya çempionatında. Bu, böyük tarixi nailiyyətdir. İdmançılarımız bu ilin əvvəlindən beynəlxalq yarışlarda çox yaxşı nəticələr göstərmişlər. Avarçəkmə üzrə dünya çempionatında 3 medal. Güləş üzrə Avropa çempionatında, dünya çempionatında medallar. Cüdo üzrə gənclərdən ibarət komandamız Yerevanda Azərbaycan bayrağını ucaltdılar. Bu çox vacibdir, çünki Olimpiya oyunlarından sonra birinci il adətən yavaş keçir, bir növ durğunluq yaranır. İdmançılar daha çox istirahəti seçirlər. Amma bizdə tam əksinədir.
Gənclər və idman naziri Azad RƏHİMOV: Ramil Quliyev atletikada üçüncü yerə çıxmışdır.
İlham ƏLİYEV: Bəli, bəli. Yüngül atletikada bu da tarixi nailiyyətdir. Avropada birincidir. Əgər dünya çempionatında Avropa idmançıları arasında birinci olduğunu nəzərə alsaq, birincidir.
İdman hərtərəfli inkişaf edir. Çox şadam ki, idmançılar da yaxşı nəticələr göstərirlər. Belə gözəl komplekslərin tikilməsi gələcəkdə idmanın gücləndirilməsinə xidmət göstərəcəkdir. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər. Hövsan böyük qəsəbədir. Böyük imkanlara malikdir. Ancaq burada idmanla məşğul olmaq üçün şərait yox idi. Həm idmançılar, həm də qəsəbə sakinləri belə gözəl kompleksdən istifadə edəcəklər. Üzgüçülük hovuzunda gərək abonement sistemi, bölmələr təşkil olunsun. Rayon üçün böyük hadisədir. Bizdə indi belə gözəl komplekslər, eyni zamanda, qəsəbələrdə tikilir.

* * *
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev idmançıları və rayon ictimaiyyətinin nümayəndələrini bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

AzərTac
15.10.2009

Xəbər 1372 dəfə oxundu.