Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Mingəçevir şəhərində şahmat məktəbi binasının açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 1986-cı ildə inşa olunmuş şahmat məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin aprelindən başlanılmışdır. Şahmat məktəbinin yerləşdiyi 2 hektar ərazi tamamilə abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, açıq səma altında xüsusi şahmat meydançası yaradılmışdır.
Binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunmuşdur. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılmışdır. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz edilmişdir. Ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.
Mingəçevir şahmatçıları son 5 ildə bir sıra beynəlxalq yarışlarda fərqlənmişlər. Şahmatçılar Sənan Quliyev, Fərid Şirinov və Zeynəb İsmayılzadə dünya və Avropa birinciliklərində uğurla çıxış etmişlər.
Dövlətimizin başçısı balaca idmançı ilə şahmat oynadı.
Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.
Sonda dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.

AzərTAc

Xəbər 1166 dəfə oxundu.