Ouen «Stok Siti»də
İngiltərənin «Stok Siti» klubu ötən mövsümü «Mançester Yunayted» formasıyla tamamladıqdan sonra sərbəst qalan Maykl Ouenlə 1 illik müqavilə imzalayıb. Bununla da o, «Stok Siti»nin yayda aldığı 7-ci futbolçu olub. Daha öncə Cemi Nessa, Ceff Kemeron, Maykl Kaytli, Çarli Adam, Moris Edu və Stiven Nzonzi əldə edilmişdi.

İdman.com.az saytının məlumatına görə, 32 yaşlı hücumçu keçidi ilə bağlı bunları deyib: «Toni Pulislə çalışacağım üçün çox həyəcanlıyam. «Stok Siti» yaxşı bir heyət qurub və mən də komandaya qatılmağımı səbrsizliklə gözləyirəm».

İlk dəfə 1996-cı ildə geyindiyi «Livepul» formasıyla klubun əfsanələri arasına düşən Ouen bu klubla 1998-99 mövsümündə UEFA Kubokunu qazanmışdı. 2004-cü ildə Madrid «Real»ına transfer olunan oyunçu burada forma geyindiyi 40 matçda cəmi 14 qol vuraraq, ondan daha çoxunu gözləyənləri məyus etmişdi.

Daha sonra «Nyukasl» formasıyla təkrar Britaniyaya dönən və bu klubunda enişli-yoxuşlu mövsüm keçirən futbolçu Sent Ceyms Parkdan ayrılıb «Mançester Yunayted»lə razılaşmışdı. Burada Aleks Ferqyusondan formanı almaqda çətinlik çəkən Ouen hücum xəttində Runi, Hernandes, Uelbek və Berbatov kimi rəqiblərinin kölgəsində qalaraq, ehtiyat oyunçular skamyasından xilas ola bilməmişdi.

Maykl Ouenin karyerasında 447 oyuna 209 qolu var.

Xəbər 1158 dəfə oxundu.