Boltun xəyalları gerçək olur
Yamaykalı sprinter Useyn Bolt sonda muradına çatıb. İdman.com.az saytının məlumatına görə, dünya rekordçusu olan olimpiya çempionu bu il bir yoldaşlıq matçında «Mançester Yunayted»in formasını geyinəcək.

2008 və 2012-ci illər olimpiadalarında üst-üstə 100 və 200 metrdə dubl edərək tarixə keçən yamaykalı atlet, ötən ay «Mançester Yunayted»in formasını geyinmək istəyini bildirib. Rekordçu atlet şotland məşqçi Aleks Ferqyusonun ona bir şans verməsi təqdirində peşman olmayacağını da iddialı bir şəkildə gündəmə gətirmişdi.

Olimpiya oyunlarının tamamlanmasının ardından «qırmızı şeytanlar»ı tribunadan dəstəkləməyə davam edən Bolt, sonda hədəfinə çatdı. Klubun rəsmi jurnalına müsahibə verən Aleks Ferqyuson Boltu bu il xeyriyyə məqsədi ilə keçiriləcək bir matçda oynada biləcəklərini söyləyib.
Bu sırada Madrid «Real»ın və «Mançester Yunayted»in veteran oyunçuların bir nümayiş matçında qarşılaşacaqlarını vurğulayan şotland mütəxəssis Boltun o matçda futbolda nəyə qadir olduğunu göstərə biləcəyini deyib.

Bu deyilənlərin cavabında Bolt deyib: «Əgər yaxşı oynayacağıma inanmasaydım, belə bir istəkdə olmazdım. Qabiliyyətimi göstərə biləcəyimə inanıram».

Xəbər 1356 dəfə oxundu.