Ağdaşda Olimpiya İdman Kompleksi istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.
Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və kompleks ilə yaxından tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə sayca 25-ci olan bu Olimpiya-İdman Kompleksinin inşasına 2006-cı ildə başlanmışdır.
Ümumi ərazisi 5,5 hektar olan Olimpiya-İdman Kompleksi əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3 kottecdən və digər yardımçı binalardan ibarətdir. Örtülü idman meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın daxilindəki 1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484 kvadratmetrdir. Bu meydançada voleybol, basketbol, həndbol, güləş, boks yarışları keçiriləcəkdir. Bundan əlavə, binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları, soyunub-geyinmə, həkim otaqları, bufet, duş və sair xidmət obyektləri vardır.
Prezident İlham Əliyev idmançıların çıxışlarını izlədi.
Sonra dövlətimizin başçısı üzgüçülük hovuzuna baxdı.
Üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada 192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, soyunub-geyinmə, həkim otaqları, bufet, duş və sair xidmət otaqları vardır.
Mini futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri olan tribuna, soyunub-geyinmə, həkim və hakim, duş və sair xidmət otaqları daxildir.
Prezident İlham Əliyev kompleksin ərazisini gəzdi.
Məlumat verildi ki, kompleks üçün artezian quyusu qazılmış, su nasosu quraşdırılmış və iki su anbarı, qazanxana tikilmiş, fərdi transformator quraşdırılmışdır. Havalandırma sistemləri ilə təchiz edilmiş kompleksə daxil olan bütün tikililərin fasadına alkapon üzlük çəkilmişdir. Kompleksin həyəti abadlaşdırılmış, yaşıllıq salınmış və gül kolları əkilmişdir.
Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək qiymətləndirdi.

AzərTAc
12.02.2010

Xəbər 1236 dəfə oxundu.