Prezident İlham Əliyev Horadiz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz Olimpiya-İdman Kompleksinin açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılıb.
Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. Olimpiya- İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunub. Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxdı. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev kompeksin açılış mərasimində çıxış etdi. Dövlət başçısının nitqi bu sayımızda ayrıca dərc olunub.
Mərasimdə karate üzrə dünya və Avropa çempionu Vüsal Ələsgərov çıxış edərək Füzuli rayonunun sakinləri adından salamlayaraq dövlətimizin başçısına minnətdarlığını bildirdi. Bildirdi ki, rayon sakinləri, o cümlədən ölkəmizin 60-dan çox şəhər və rayonunda məskunlaşmış füzulililər sevinc içindədirlər. Qeyd etdi ki, ərazisinin 60 faizi düşmən tapdağı altında olan Füzuli rayonu düşmənlə üzbəüz durmasına baxmayaraq, cənab Prezidentin diqqət və qayğısı nəticəsində tanınmaz dərəcədə dəyişib. Qısa müddət ərzində rayonda müasir tələblərə cavab verən yeni qəsəbələr salınıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilib, yollar çəkilib.
V.Ələsgərov bildirdi ki, idman ölkəsi kimi tanınan Azərbaycanımızın uğurlarında Füzuli idmançılarının da payı vardır. Onlar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərə qaldırıblar. İstifadəyə verilən kompleksin güclü idmançılarla yanaşı, mərd, cəsur, qorxmaz, fiziki cəhətdən sağlam gənclərimizin yetişməsində əvəzsiz rol oynayacağına əmin olduğunu bildirdi: «Çünki, ərazisinin bir hissəsi düşmən tapdağı altında olan ölkəmizin buna ehtiyacı vardır. Bu yolda Avropa və dünya çempionu kimi əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm.»
Mərasimdə dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izlədilər.

AzərTAc
11.11.2010

Xəbər 1172 dəfə oxundu.