İsrail mətbuatı millimizi “Asiya ağcaqanadlar”ına bənzətdi
Azərbaycan yığması sabah 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində İsrail millisini qəbul edəcək. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, İsrail mətbuatı qarşılaşma barədə hazırladığı geniş yazıda “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsinə, Rəşad Sadıqovun basketbol oynamasına və digər maraqlı məqamlara toxunub. Elvin Məmmədovla Vaqif Cavadovu yığmanın ən təhlükəli üzvü olduğunu yazan yəhudi həmkarlarımız millimizə yeni ləqəb də qoyub.

Azərbaycan çətin rəqibdir, amma...

Kim Azərbaycan millisinin asan yeniləcək rəqib olduğunu düşünürsə, yanılır. Son vaxtlar Azərbaycan futbolu çox inkişaf edib. Bu, artıq AVRO-1996-nın seçmə mərhələsində Roni Rozentalın topla 80 metr irəliləyərək, qol vurduğu komanda deyil.
Azərbaycan millisi həqiqətən də “asan yem” deyil. Əsasən də, öz meydanında. AVRO-2012-nin seçmə mərhələsində 7 xal yığmaqla, rekordunu qırıb. Onlar Bakıda Qus Hiddinkin rəhbərlik etdiyi Türkiyə millisini məğlub etdilər. Bakıda yalnız Almaniyadan xal ala bilmədilər. Bu komandanı öz meydanında yenmək çətindir, amma Eli Qutmanın kollektivi bunu edəcək gücdədir.

Neft və DÇ

Neft ölkəsi olan Azərbaycan son vaxtlar futbola külli miqdarda maliyyə yatırır. Bunu nəzərə alan FİFA 17 yaşadək qızlar arasında dünya çempionatını Azərbaycanda keçirməyə qərar verib. Bu turnir cəmi 3 həftədən sonra başlayacaq. Bundan başqa, yerli federasiya AVRO-2020-ni keçirmək üçün Gürcüstanla birgə UEFA-ya ərizə təqdim edib. Bu turniri keçirmək üçün dövlət dəstəyini alıblar.

“Tofiq Bəhramov”

Azərbaycan - İsrail matçı məşhur hakim Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutacaq. Bu hakim 1966-cı il dünya çempionatının finalında Ceff Herstin almanlara vurduğu mübahisəli qolu qeydə almaqla məşhurlaşıb. Arena yenicə təmirdən çıxıb. Onun təmiri üçün 30 milyon dollara yaxın pul xərclənib. Stadion 29870 nəfər tutur ki, tribunaların dolacağı faktdır. Yerli azarkeşlər yığmalarını durmadan dəstəkləməyi sevirlər. Bu baxımdan bizim komandaya çox çətin olacaq. Onu da unutmayaq ki, stadion təmirdən çıxandan sonra ilk oyun Azərbaycan – İsrail matçı olacaq, onda azərbaycanlı futbolçuların qələbə istəyinin nə dərəcədə güclü olacağını tapmaq çətin deyil.

Lider basketbolçu

Azərbaycan yığmasının lideri və kapitanı Rəşad Sadıqovdur. “Qarabağ”da oynayan müdafiəçi bir çoxlarının kumiridi. Onun haqında hətta film də çəkiblər. Sadıqov haqqında daha bir maraqlı məlumat onun bir ara basketbolla məşğul olmasıdır. 2006-cı ildə Türkiyənin “Kayserispor” klubundan ayrılan kapitan Vətənə dönəndən sonra özünə klub tapa bilmədi. Bu səbəbdən formasını itirməmək üçün basketbol oynamağa başlayıb və hətta ölkə çempionu olub.

Təhlükəli Vaqif

Azərbaycan yığmasının hücum xətti güclüdür. Ən təhlükəli sima isə Vaqif Cavadovdur. O, yığmanın heyətində 7 qol vurub. Rauf Əliyev, Cavid Hüseynov və milliləşdirilmiş legioner Branimir Şubaşiçdən də çəkinməliyik. Daha bir qorxmalı olduğumuz şəxs pleymeyker Elvin Məmmədovdur. Əla texnikaya malik futbolçu həm qol vurur, həm də komanda yoldaşlarına fərqlənmək imkanı yaradır.

“Neftçi”

Bir müddət öncə İsraildə Çempionlar Liqasının seçmə mərhələsində “Kıryat-Şmona”nın darmadağın etdiyi “Neftçi” indi bütün ölkənin fəxrdir. Onlar bizim kluba məğlub olduqdan sonra Avropa Liqasının pley-off mərhələsində Kiprin APOEL klubunu sıradan çıxararaq, Azərbaycanı avrokubokların final mərhələsində təmsil edəcək ilk klub oldu.
Son illər “Qarabağ” da avrokuboklarda uğurlu çıxış edirdi. Bu komanda iki dəfə Avroliqanın pley-off mərhələsində dayanıb.

“Asiya ağcaqanadları”

Azərbaycan yığmasını “Asiya ağcaqanadları”na bənzətmək olar. Bu ağcaqanadların sancdığı şəxs sağ qalmır. Azərbaycan hər seçmə mərhələdə favoritlərdən birinə badalaq vurur. Ümid edək ki, bu dəfə qurban biz olmayacağıq.

Xəbər 3706 dəfə oxundu.