Belarus voleybolçular yalnız bizdən çəkinir
“Bu seçmə mərhələdə hər mövqedə eyni gücdə oynamağa qadir, bərabər səviyyəli voleybolçularımız var”. İdman.com.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi Viktor Qonçarov deyib. Təcrübəli mütəxəssis sabah start götürəcək II təsnifat mərhələsində rəqiblərini şərh edib. O, Finlandiya, Avstriya və Azərbaycan yığmalarından yalnız Faiq Qarayevin komandasını ciddi qəbul etdiyini gizlətməyib:

“Qrupda əsas rəqibimiz Azərbaycandır. Son 4 ildə onlarla rəsmi görüşlərdə daimi qarşılaşırıq. Əlbəttə, Finlandiyada maksimum xal toplamağa çalışacağıq, amma aparıcı oyunçularımızdan birinin zədəsi var. Halbuki o, Azərbaycanla matçda bizə qalib gəlməyə kömək edə bilər. Onsuz çox çətin olacaq. Hər halda, biz yaxşı hazırlıq keçmişik, bütün məşq planlarımız həyata keçirilib”.
Qeyd edək ki, II təsnifat mərhələsinin I dövrəsi Finlandiyada olacaq.

Xəbər 921 dəfə oxundu.