Gənc yunan-Roma güləşçilərimiz tarix yazıb
Tailandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. İdman.com.az saytının məlumatına görə, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə adı çəkilən Asiya ölkəsinə yollanan yığmamızın üzvlərindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.

Bu 4 medal, eyni zamanda 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.

Xatırladaq ki, son bir ay ərzində Azərbaycan güləşçiləri iştirak etdikləri beynəlxalq yarışlarda öz qələbələri ilə xalqımızı sevindirmişdir. Belə ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz Azərbaycan Olimpiya Hərəkatında yeni bir tarix yazdılar. Bu uğurun davamı olaraq bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələrin Dünya çempionatında güləşçilərimiz ümumilikdə 19 medal qazandılar ki, bunlardan 9-nun əyarı qızıl, 5-i gümüş və 5-i bürünc idi. Dünya çempionatında yunan-Roma yığmamız komanda hesabında bütün digər komandaları geridə qoyaraq 1-ci yeri tutdu.

Əldə edilən bu yüksək nailiyyətlər Azərbaycan güləşində yeni idmançı nəslinin yetişdiyini və güləşimizin sabahının etibarlı əllərdə olmasını bir daha sübut edir.

Xəbər 2931 dəfə oxundu.