London-2012: Medallarımızın sayı 8-ə çatdı
London Yay Paralimpiya Oyunları davam edir. Azərbaycan yarışda daha iki medal qazanıb.
Yeddinci yarış Natali Pronina növbəti sınağına çıxıb. O, arxası üstə 100 metr məsafəyə üzgüçülükdə qüvvəsini sınayıb. Təsnifat mərhələsində idmançımız ikinci olub (1.12:79). Bu, onu finala çıxması üçün yetərli olub. Həlledici mərhələdə isə Natali 1:09.46 göstərici ilə ikinci yeri tutub. Təmsilçimiz yalnız rusiyalı rəqibinə uduzub. Belədə, Pronina Londonda özünün və yığmamızın üçüncü gümüş medalını rəsmiləşdirib.
Qeyd edək ki, Pronina bundan öncə Londonda daha iki medal qazanmışdı. O, 200 metr məsafəyə kompleks və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə gümüş medallara sahib çıxmışdı. 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə isə beşinci yerlə kifayətlənmişdi.
Rza Osmanov, Oleq Panyutin, Elçin Muradov və Vladimir Zayets “dördlüy”ü isə estafet yürüşündə ölkəmizə medal qazandırmağa çalışıb. Onlar təsnifat mərhələsində Kanada və Tailand təmsilçiləri ilə mübarizə aparıblar və 44.35 nəticə ilə finala çıxıblar. Finalda isə Çin, İspaniya və Rusiya atletlərindən güclü olmaq lazım idi. Lakin atletlərimizin səyləri yalnız üçüncü yeri tutmağa şərait yaradıb. Beləcə, Azərbaycan parolimpiya yığması daha bir bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan Londonda 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Xəbər 2142 dəfə oxundu.