Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin açılışında iştirak edib.
Avqustun 3-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2007-ci ilin sentyabrında başlanılan bina üçmərtəbəlidir. Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompyuter otağı vardır.
Böyük yarış salonundakı 65 şahmat masasından 12-si internetə qoşulmuşdur. Həmin masalarda aparılan şahmat oyunlarını mərkəzin internet saytına daxil olaraq izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar. Kiçik yarış salonunda isə 25 masa vardır.
Hazırda mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi ilə 15 müəllim məşğul olur. Bildirilmişdir ki, Naxçıvanda şahmat məktəbi 1982-ci ildə yaradılmışdır. Uzun illər köhnə binada fəaliyyət göstərmiş Naxçıvan şahmat məktəbinin yeni bina ilə təmin olunması burada dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaqdır. Mərkəzin şagirdləri müxtəlif vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr qazanmışlar. 2002-ci ildə Bakıda, sonra Batumidə keçirilən yarışlarda mərkəzin yetirmələri fərqləniblər. 2003-cü ildə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mərkəzin iki yetirməsi iştirak etmişdir. Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında mərkəzin nümayəndəsi birinci mükafata layiq görülmüşdür.
Binanın zirzəmisində kompyuter təlim-tədris və internet mərkəzi də fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur rayonlarında filialları yaradılmışdır. Burada kompyuterlərə texniki servis xidmətləri də göstərilir.
Binanın ətrafı abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

AzərTAc
03.08.2009

Xəbər 1283 dəfə oxundu.