Yollar 2016-cı il olimpiadasına aparır
Rio de Janeyro Oyunlarına cəmi 4 il qalır

2016-cı il XXXI Yay Olimpiya Oyunları
Şəhəri: Rio de Janeyro (Braziliya).
Açılış mərasimi: 5 avqust.
Bağlanış mərasimi: 21 avqust.
Şüarı: Ehtirasınla yaşa (“Viva sua Paixao”).
İdman növləri: 28.
Yarış proqramı: 304.
Ölkələr: 205 (təxmini)
İştirakçılar: 12500 (təxmini)
Əsas arena: “Marakana”
Paralimpiya tarixi: 7-18 sentyabr

London Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə başa çatdı. İdman.com.az saytı xəbər verir ki, bəşəriyyətin ən böyük idman bayramının bağlanış mərasimində olimpiya bayrağının Rio de Janeyronun merinə təhvil verilməsi ilə yeni olimpiya mərhələsi başlandı. Təbii ki, Azərbaycan idmançıları üçün yeni mərhələ gərgin və daha məqsədyönlü hazırlıqlar deməkdir. Ölkə başçısının hələ yalnız Milli Olimpiya Komitəsinin prezidentinin təbirincə desək, “növbəti olimpiya oyunlarına cəmi 4 il qalır”.

Bəs Rioda nə var, nə yox? Oyunların bağlanış mərasiminin ertəsi günü olimpiya bayrağı Rio de Janeyroya çatdırıldı. Beləliklə, Cənubi Amerikada keçiriləcək ilk olimpiya oyunlarının hazırlıq həyəcanı başlandı.
Rio de Janeyro deyəndə, dilə ilk gələn sözlər “samba”, “karnaval” və “futbol” olur. Samba və karnavalı bağlanış mərasimində 2016-cı ilin olimpiadasının təşkilat komitəsi əyani nümayiş etdirdi. Futbolu isə Pele təmsil etdi. Lakin nə qədər qəribə olsa da, məhz olimpiya oyunlarında Braziliyanın futbol qələbəsi yoxdur.

Bəlkə də, “Braziliya olimpiya oyunlarında ona görə qalib gələ bilmir ki, mən olimpiadada çıxış etməmişəm” deyən Pele xeyli haqlıdır. Nəsə, bu mövzulara hələ qayıtmaq imkanımız olacaq. Amma “Braziliya” deyəndə, hər kəsin, heç olmazsa, bir dəfə gedib görmək istədiyi Rio de Janeyro haqqında ilk ağlına gələn ifadə “uşaqlığının büllur xəyalları”nı canlandıran Ostap Benderin məşhur kəlamı olur: “Orada hər kəs ağ şalvarda gəzir”. Daha bir film də yada düşür: “Orada çoxlu, çoxlu vəhşi meymunlar və don Pedrolar var”. Bəli, olimpiya oyunları, Avropada Paris kimi, çoxlarının xəyallarının şəhəri olan Braziliya Riosunda keçiriləcək.

Xəbər 1353 dəfə oxundu.