Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, beş hektar ərazidə inşa olunacaq kompleksin ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor və digər zallar fəaliyyət göstərəcək. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaq.
Qeyd edək ki, indiyə qədər ölkədə 26 Olimpiya İdman Kompleksi istifadəyə verilib və hazırda 10-nun tikintisi davam etdirilir. Dövlətimizin başçısına bu istiqamətdə həyata keçiriləcək yeni layihələr barədə də məlumat verildi.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığını tökdü, inşaatçılara uğurlar arzuladı.

AzərTAc
01.04.2010

Xəbər 1221 dəfə oxundu.