"Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Tədbirdə hərbi hissə komandiri polkovnik Alim İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin baş zabiti, kapitan Toğrul İsgəndərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Namil Məmmədov, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, məktəb direktorları, hərbi hazırlıq, fiziki tərbiyə müəllimləri, hərbi hissənin gizir və zabitləri və 29 məktəb komandası iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi hissə komandiri polkovnik Alim İsmayılova qeyd edib ki, bu gün ordumuzda böyük ruh yüksəkliyi var, düşmən üzərində qazanılan böyük Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücünü, vətənpərvərlik ruhunu bir daha bütün dünyaya sübut etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Səməndər Mənəfov bildirib ki, “Şahin” hərbi-idman oyunları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev də “Şahin” hərbi-idman oyunlarının gənclərimiz üçün vacibliyini vurğulayıb, komandaların hər birinə uğurlar arzulayıb.

Qeyd olunub ki, oyunlar Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Respublika Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.

“Şahin” hərbi-idman oyunlarında 29 ümumtəhsil məktəb komandasında 406 şagird iştirak edib.

Yekun nəticələrə əsasən Binəqədi rayonundakı 182 nömrəli tam orta məktəb komandası birinci, 300 nömrəli tam orta məktəb komandası ikinci, 144 nömrəli tam orta məktəb komandası üçüncü yeri tutub.

Oyunun qalib komandası məktəblilər arasında keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Xəbər 243 dəfə oxundu.