İsmayıllı Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyevin cıxışı
- Sizi təbrik edirəm. Bu gözəl Olimpiya Kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, İsmayıllıda idmançılar bu kompleksdən çox səmərəli şəkildə istifadə edəcəklər və Azərbaycanın idman şöhrətinə ismayıllılılar da öz töhfələrini verəcəklər.
Burada idmanla məşğul olmaq üçün bütün şərait vardır. Burada ən müasir standartlar tətbiq olunub. İsmayıllı rayonu üçün belə bir kompleksin yaradılması çox əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycanın demək olar, bütün bölgələrində belə gözəl idman qurğuları tikilib, biri də İsmayıllıda. İdman sağlamlıq deməkdir və hər bir ölkənin inkişafının əlamətidir. Mən istəyirəm ki, İsmayıllıdan olan idmançılar da Olimpiya oyunlarında medallar qazansınlar və dünya çempionatlarında yüksək yerləri tutsunlar.
Ümumiyyətlə, İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Mənə verilən məlumata görə, son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. Azərbaycanın ümumi iqtisadi inkişafı son 5-6 il ərzində dünyada ən yüksək templərlə artmışdır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir, ancaq bir sahədən asılı deyil, energetika sahəsindən asılı deyildir. Əgər belə olmasaydı, bölgələrdə iqtisadi inkişaf sürətlə getməzdi. Həm sosial məsələlərin həlli, həm abadlıq-quruculuq, infrastruktura - bax bu gün Bakıdan Şamaxıya, İsmayıllıya qədər yeni yol salınır, çox gözəl, keyfiyyətli, rahat. Əvvəllər yol çox pis vəziyyətdə idi. Siz də bunu yaxşı bilirsiniz. Amma bu gün bu, dünya standartları səviyyəsindədir.
Bu yolun tikintisi davam edir. Yolun tikintisi sərhədə qədər, Balakənə qədər davam edəcəkdir. İstər-istəməz bu, özlüyündə artıq bu zonanın, bölgənin inkişafına təsir göstərəcəkdir.
Yol olan yerdə turizm də inkişaf edəcəkdir. Mənə deyiblər, indi baxacağam, müasir, beşulduzlu yeni mehmanxana tikilir. İsmayıllı çox səfalı yerdir, gözəl təbiətə malik olan rayondur. Burada turizmin inkişafı üçün çox gözəl imkanlar vardır. Amma gərək turizmin inkişafı üçün şərait olsun. Yol, bütün infrastruktur, belə gözəl idman qurğuları, mehmanxanalar. Turizmin inkişafı rayonun iqtisadiyyatına çox böyük töhfə verəcəkdir. Onsuz da bizim rayonlarımızın tam əksəriyyəti dotasiya əsasında yaşayır. Rayonlarda yığılan vəsait rayonların fəaliyyəti üçün, yaşaması üçün kifayət deyildir. Yəni, bütün rayonlar dövlət büdcəsindən dotasiya alaraq öz işlərini qururlar və o cümlədən, infrastruktur, abadlıq işləri - bütün bunlar dövlət tərəfindən görülən tədbirlərdir. Ancaq infrastrukturun müasirləşməsi, mövcudluğu özəl sektoru da bu işlərə cəlb edəcəkdir.
Bu gözəl Olimpiya Kompleksi dövlət tərəfindən tikilib. Mehmanxana özəl şirkətlər tərəfindən tikilir. Yol, elektrik stansiyaları, qaz xətləri, bütün infrastruktur layihələrini dövlət öz üzərinə götürüb. Məktəblər, tibb məntəqələri - İsmayıllıda son illər ərzində bir neçə məktəb tikilib və bu proses hələ davam edir. Özəl sektorun inkişafı üçün də şərait yaradılır, dəstək verilir, o cümlədən də maliyyə dəstəyi, kreditləşmə, sahibkarlığın inkişafı, kənd təsərrüfatına dövlət tərəfindən edilən subsidiyalar. Azərbaycanda kənd təsərrüfatı artır, sənaye artır, iqtisadiyyat artır. Bütün başqa ölkələrdə iqtisadiyyat böhrana görə aşağı gedir, haradasa 10 faiz, haradasa 20 faiz. Azərbaycanda iqtisadi artım 6 faizdir. Bəziləri bunu neft amili ilə bağlayırdılar ki, Azərbaycanda neft hasil edilir, ona görə iqtisadi artım vardır. Neft başqa ölkələrdə də çıxarılır, bizdən daha da böyük həcmdə. Ancaq o ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, Azərbaycanda isə inkişaf edir. Nəyin hesabına? Düzgün siyasətin hesabına, düşünülmüş iqtisadi islahatların hesabına. Azərbaycanın bütün imkanları səfərbər edilib, potensial təhlil edilib, lazım olan qərarlar verilib, güclü investisiyalar xərclənib, bu gün də xərclənir. Bu, bütün ölkəmizi canlandırır.
Belə gözəl gündə bir daha sizi ürəkdən salamlayıram. İsmayıllının bütün sakinlərinə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, bu gözəl imkanlardan təkcə idmançılar yox, eyni zamanda, rayon sakinləri də istifadə etsinlər. Fiziki sağlamlığın möhkəmlənməsi üçün uşaqlar səmərəli istifadə etsinlər. Burada bölmələr qurulsun, uşaqlar, yeniyetmələr gəlsinlər, məşq etsinlər. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

29.10.2009
AzərTAc

Xəbər 2775 dəfə oxundu.