Bakı və Sumqayıt idmançıları arasında üzgüçülük üzrə birincilik keçirilib
Bakı Su İdmanı Sarayında Bakı və Sumqayıt idmançıları arasında üzgüçülük üzrə birincilik keçirilib.

Yarışda 2008-2012-ci illər təvəllüdlü idmançılar öz güclərini sınayıblar. Belə ki, 150-yə yaxın üzgüçünün qatıldığı birincilikdə 400 metr kompleks üzmədən başqa bütün Olimpiya məsafələrində yarışlar keçirilib. İdmançılar arasında yüksək nəticələr göstərən üzgüçülər milli komandaya namizədlər siyahısına salınıb. Üzgüçülük üzrə millinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, yüksək səviyyədə təşkil olunan yarışda məşqçilər korpusu ən perspektivli idmançıları nəzərdən keçirib.

“Bu kimi yarışların təşkili çox vacibdir. Belə birinciliklərdə xüsusi qabiliyyəti və bacarığı olan idmançıların aşkar edilməsi və gələcəkdə onların milli komandanın tərkibinə salınması üçün planlı iş aparılır. Hesab edirəm ki, bu yarışlarda öz nəticələri ilə məşqçilər korpusunun diqqətini çəkən xeyli sayda üzgüçülər oldu. Gələcəkdə həmin idmançılarla işlərimizi davam etdirməyi nəzərdə tuturuq”, - deyə R.Əbdürrəhmanov bildirib.

Yarışın yekun nəticələrinə görə, müəyyənləşən qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, turnir Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər 434 dəfə oxundu.