Gənc güləşçilərin dünya çempionatı başlayır
Sentyabrın 4-də Tailandın Pattaya şəhərində gənc güləşçilər arasında dünya birinciliyi başlayır. İdman.com.az saytının məlumatına görə, ayın 11-dək davam edəcək çempionatda ilk iki gün yunan-Roma, daha sonra iki gün qadın güləşçilərin mübarizəsi keçiriləcək. Sentyabrın 8-9-da sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışın son iki günündə isə həm sərbəst, həm də qadın güləşçiləri çimərlik güləşi üzrə dünya çempionatı baş tutacaq.

Azərbaycanın yunan-Roma güləşçilərindən ibarət milli komandası artıq Tailanddadır. Böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə heyətdə 8 güləşçimiz - Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq), Rövşən Tağıyev (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq), Abas Abdullayev (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Gənc qızların yarışında ölkəmiz 5 güləşçi ilə təmsil olunacaq. Böyük məşqçi Həsrət Məmmədyarov, məşqçilər İsaməddin Hüseynov və Arif Fərmanovun rəhbərliyi ilə Aydan Səfərli (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq) və Korin Dərya (67 kq) yola düşəcəklər.

Çempionatın son günlərində mübarizəyə qoşulacaq sərbəst güləşçilərimiz də Tailanda tam heyətlə yollanacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyev yığmanın üzvləri arasından Ruslan Surxayev (50 kq), Qalib Əliyev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Elçin Məmmədov (66 kq), Elcan Usubzadə (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Hacı Şərifov (96 kq) və Əli Məhəmmədabirovu (120 kq) sınayacaq.

Görüşlərin idarə olunmasında ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.


Xəbər 1107 dəfə oxundu.