Azərbaycan təmsilçisi Mənsum Səfərov dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə çıxışını təqdim edib
Azərbaycan təmsilçisi Mənsum Səfərov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə çıxışını təqdim edib.

Gimnastımızın çıxışı hakimlər tərəfindən 11,200 xalla qiymətləndirilib və təmsilçimiz 31-ci pillədə qərarlaşıb. Sərbəst hərəkətlərdə təsnifat mərhələsinə 14,866 xalla İsrail təmsilçisi Artyom Dolqopyat başçılıq edir. İtaliyalı Nikolo Mozatto (14,366 xal) və Yunanıstan təmsilçisi Antonios Tantalidis (14,166) ilk üçlükdə yer alıblar.

Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

Xəbər 284 dəfə oxundu.