Bombardirlər pul qazandırır
Avropa liqalarında keçən mövsüm bombardir olmuş 7 futbolçu başqa komandalara transfer olaraq, klublarına təxminən 88 milyon avro məbləğində pul qazandırıb. İdman.com.az saytının məlumatına görə, qitədəki ölkə çempionatlarından ötən mövsüm İtaliya «A» Seriyası, İngiltərə Premyer Liqası, Fransa I Divizionu, Türkiyə Superiqası, Yunanıstan Superliqası, Niderland Eredivizisi və Danimarka Superliqası olmaqla 7 liqada bombardir olan futbolçular klub dəyişiblər.

Türkiyə Superliqasında ötən mövsümdə rəqib qapılara 33 qol vuran Burak Yılmaz transfer bazarının haqqında ən çox danışılan adlarından oldu. Adı bəzi Avropa klublarıyla bağlı hallanan qolçu 5 milyon avro qarşılığında «Trabzonspor»dan «Qalatasaray»a transfer olunub.
Burak Yılmaz «Qalatasaray»la illik 2 milyon 300 min avro, üstəgəl hər oyuna 20 min avro olmaqla bir sazişə razılaşıb.

Ötən mövsüm İtaliya «A» Seriyasında «Milan»ın formasını geyinmiş Zlatan İbrahimoviç 28 qol vurmuşdu. Bu uğurun ardından o, 21 milyon avro qarşılığında PSJ-yə transfer olunub. İbrahimoviç, yeni klubundan illik 14 milyon avro gəlir əldə edəcək.
İngiltərə Premyer Liqasından «Arsenal»ın kapitanı Robin van Persi komanda üçün çətin keçən mövsümdə 30 qolla fərqlənib. Bu məhsuldarlığın ardından adı bir çox komandalarla xatırlanan qolçu, yekunda «Mançester Yunayted»ə transfer olunub. «Arsenal»ın vaxtilə Niderland «Feyenoord»undan 4,5 milyon avroya transfer etdiyi van Persiyə görə «Mançester Yunayted» 30 milyon 700 min avro ödəyib. Van Persi özü isə «qırmızı şeytanlar»dan hər ilinə 14 milyon avro alacaq.

Premyer Liqa bombardirini yola salan «Arsenal», əvəzində Fransa I Divizionunun bombardirini gətirib. «Monpelye»nin, Fransa I Divizionunda ilk dəfə çempionluq sevinci yaşamasında 21 qol və 12 assistentliklə böyük rolu olan Olivye Jiru da bəxti açılan futbolçulardan olub. O, «Arsenal»a 12 milyon avro qarşılığında transfer olunaraq, komandasından ayrılan bombardirlər siyahısına düşüb.
2009-cu ildən bəri Danimarkanın güclü komandalarından - «Kopenhagen»də forma geyinən Dame N`Doye də transfer mövsümündə haqqında çox danışılanlar sırasında olub. Buran Yılmazı «Qalatasaray»a göndərən «Trabzonspor» da bu futbolçunun talibləri sırasında idi. Yekunda 27 yaşlı hücumçu 5 milyon avro qarşılığında Moskva «Lokomotiv»inə keçib.

Yunanıstan Superliqası da bombardirini ölkəsində tuta bilməyib. Ötən mövsüm «Olmpiakos» formasıyla 20 qol vuran Kevin Mirallas indi İngiltərə Premyer Liqasında «Everton»da oynayacaq. «Olimpiakos» «Sent Etyen» dən 2,5 milyon avroya aldığı Mirallası «Everton»a 7 milyon 650 min avroya satıb.
Niderland Eredivizisində mübarizə aparan «Heerenven»in formasını geyinmiş Bas Dost 32 qol ilə bombardir olub. Bununla bir çox klubun diqqətini çəkən Dost 7 milyon avro müqabilində Bundesliqada «Volfsburq»a transfer edilib.
Beləcə, keçən il top qovduqları liqalarda bombardir olan bu futbolçulara görə klublara ödənən məbləğin cəmi 88 milyon 350 min avroya çatıb.

Xəbər 1057 dəfə oxundu.