FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov qrupda sonuncu oyununu keçirəcək
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 6-cı turda Rusiya təmsilçisi Daniil Dubovla mübarizə aparacaq. Bu, şahmatçımızın B qrupunda sonuncu oyunu olacaq. Şahmatçımız ötən 5 turda 3 xal toplayıb. O, bu nəticəyə görə, öz qrupunda Leyner Dominqeslə 1-2-ci pillələri bölüşür.

Qeyd edək ki, B qrupunda digər şahmatçılar - almaniyalı Vinsent Keymer 2,5, Rusiya təmsilçisi Daniil Dubov 1,5 xala malikdirlər. Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir.

Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı mübarizə aparır. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Xəbər 234 dəfə oxundu.