Arda Turan: «Avropanın böyük bir klubunda oynaya bilərəm»
Madrid «Atletiko»sunda forma geyinən türk futbolçu Arda Turan son müsahibəsində «Simeone, taktika cəhətdən məni daha çox inkişaf etdirdi' deyib. Madridə hər keçən gün daha çox alışdığını deyən Arda, bu mövsüm hər şeyin daha yaxşı olacağını düşündüyünü söyləyib. Arda «futbolçuların nəyə qadir olduqlarını yaxşı bilən və futbolçulardan hər şeylərini ortaya qoymalarını istəyən bir məşqçi» olaraq təyin etdiyi Dieyo Simeone ilə çox yaxşı münasibətdə olduğunu və ondan yeni şeylər öyrəndiyini bildirib: «Simeone taktika barədə düşüncələrimi dəyişdirdi. Hücumda nə etsəm edim, müdafiəyə geri gəlməyimin lazım olduğunu söyləyib».

Yeni mövsümdə «Atletiko»da 10 nömrəli formanı alan və komandada liderliyi daha çox ön plana çıxan Arda «üzərimdə heç bir təzyiq yoxdur» deyərək, sözlərinə belə davam edib: «Çünki mən futbolu kef alaraq oynayıram. Meydana çıxıb əlimdən gələn mübarizəni aparır və rahat bir şəkildə soyunma otağına dönürəm. Lakin komandada dəyişmələr oldu. Dieqo gedincə artıq topla daha çox oynamaq məcburiyyətindəyəm. Ona görə bu, normal olaraq, məsuliyyətimi artırıb. Mən irəlidə də, müdafiədə də məşqçinin bütün tapşırıqlarını yerinə yetirirəm».

«Hücumda Falkaonu, yoxsa Umut Bulutu yanında istəyərsən?» sualına Arda belə cavab verib: «Hər ikisi bacarıqlı və fərqli xüsusiyyətlərə malik oyunçulardır. Falkaonun hazırda dünyadakı ən yaxşı hücumçulardan biri olduğunu düşünürəm. Umut bəlkə də Falkao qədər çox qol vurmur, amma komandaya böyük faydası var».

Ardanın «Əmrə Bəlözoğlu hələ La Liqada forma geyinyə bilməyib. Əhvalı necədir?» sualına cavabı belə olub: «Çox yaxşı. Əmrə çox yaxşı, yüksək səviyyəli bir futbolçudur. Ona da çox ehtiyacımız olacağını düşünürəm. Çünki komandada 24 futbolçunun hamısı çox əhəmiyyətlidir. Yəni, Əmrənin əhvalı çox yaxşıdır. 32 yaşında, bu təcrübələri daha əvvəl çox yaşamış bir insandı. Hətta əhvalının hər kəsdən daha yaxşı olduğunu düşünürəm».

Avqustun 31-də Monakoda «Çelsi»yə qarşı oynanacaq Avropa Superkuboku uğrunda matçla əlaqədar belə danışıb: «Bir oyundu və meydana çıxıb bacardığımızı etməliyik. Əlbəttə ki, qazanmaq istəyirik, buna çox inanırıq. Özünü çox yaxşı hiss etməmə baxmayaraq, çiynimdə olan kiçik ağrının matçadək keçməsinə ümid edirəm. Biz bu matçda sona qədər mübarizə aparmağa çalışacağıq. «Çelsi» çox güclü bir komandadı, amma «Barselona» deyil. «Atletiko» da ən az «Çelsi» qədər yaxşıdır».

İdman.com.az saytı xəbər verir ki, Arda həmçinin 2014-cü il dünya çempionatı seçmələri çərçivəsində sentyabrın 7-də türk millisinin səfərdə Niderland yığmasına qarşı keçirəcək görüşü ilə əlaqədar da fikirlərini dilə gətirib:

«Məntiqli hərəkət etmək lazımdır. Təbii ki, heç-heçə yaxşı nəticə olar. Amma bizim komandanın o matçı qazanacaq potensialı da var. Bizim o matçı daha çox oyunu öz nəzarətində saxlayan bir komanda kimi oynayacağımızı düşünürəm. Lakin qazanmaq üçün çox şansımız var. Ümid, Burak, Sərcan kimi çox əhəmiyyətli əks-hücum oyunçularımız var. Yaxşı futbolçulara sahib bir komandayıq, bunu bacara bilərik».

25 yaşındakı futbolçu, «Yüksələn bir futbol qrafikin var. Gələn mövsüm «Atletiko»nu buraxıb daha böyük bir komandaya getmə ehtimalın varmı?» sualına «Zaman göstərəcək, bu, təbii ki, ola bilər. Belə söz-söhbətlər bəzən olur, bunlar normaldı. Mövsümün sonunda oyunum nə göstərəcək, ona baxmaq lazım gələcək. Klubun qənaəti də çox əhəmiyyətlidi. Çünki mən «Atletiko» ilə daha 3 il müqaviləsi olan futbolçusuyam. Lakin gələn mövsüm bəlkə də Avropanın böyük bir klubunda oynaya bilərəm, bilmək olmaz» - cavabını verib.

Xəbər 1037 dəfə oxundu.