Həzi Aslanov turnirində Azərbaycan cüdoçuları birinci oldular
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirsəinə həsr olunmuş cüdo turniri Sovet dönəmindən bu günə kimi yaşayan yeganə beynəlxalq idman yarışımızdır. Əsası 1975-ci ildə qoyulmuş bu beynəlxalq turnirdə ilk illər nəinki ölkənin, eləcə də qitə və dünyanın ən tanınmış cüdoçuları yarışıblar. Mövcud olduğu 36 il ərzində bir çox tanınmış idmançılara xeyir-dua vermiş Bakı turniri 34 dəfə keçirilib. Aprelin 9-10-da Şağan Olimpiya İdman Kompleksində keçirilən sonuncu turnirin iştirakçıları yarışa başlamazdan əvvəl həmin gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq, dünya şöhrətli alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Sonra onlar Şəhidlər Xiyabanına yollanıb, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Vətən oğullarını yad edib, qəhrəman Həzi Aslanovun məzarı önünə çiçəklər qoyublar. Nümayəndə heyəti 1918-ci ildə Bakını bolşevik-daşnak dəstələrinin qətli-amından qoruyarkən şəhid olmuş türk əsgərinin məzarını da ziyarət ediblər.
Şağan Olimpiya İdman Kompleksində keçirilən mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və məşhur generalın nəvəsi, polis general-mayoru Həzi Aslanov idmançılara uğurlar arzulayıblar. Natiqlər dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərdiyi qayğını xüsusi vurğulayıblar. Qeyd ediblər ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb.
Azərbaycanın idman nailiyyətlərinin artırılmasında cüdoçularımızın da rolu əvəzsizdir. Eləcə də bu turnirin Azərbaycanda beynəlxalq turnirlərin ilk qaranquşu kimi idman ənənələrimizi dünyaya tanıtmaqda rolu böyük olub. İndi bizim ən mötəbər idman yarışlarını keçirmək sahəsində bütün dünyanın təsdiq etdiyi təşkilatçılıq ənənələri öz kökü ilə həmin bu turnirə bağlıdır.
İki gün davam edən yarışda 18 dəst medal komplekti uğrunda Azərbaycanın yeniyetmə cüdoçuları ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan və İrandan 200-dən çox cüdoçu mübarizə aparıb. Turnirin ilk günündə 8 çəki dərəcəsində çıxış edən cüdoçular arasında qaliblər müəyyən edilib.
Qızların mübarizəsində 36 kq çəkidə yerli idmançılar Leyla Əliyeva və Nəzrin Abdullayeva fərqləniblər. Qızlarımızın final qarşılaşmasından Leyla qalib çıxıb və turnrin qalibi adına layiq görülüb.
Çəkiləri 40- kq-a qədər olanlar arasında isə Keləş Merve (Türkiyə) birinci olub. O, finalda tatami sahibi Fəridə Quliyevaya qalib gəlib. Qızların yarışında komandamızın üzvlərindən Nargilə Əliyeva (44 kq), Fidan Həsənxanova (48 kq), Nəzakət Xəlili (57 kq) turnrin qalibi adına layiq görülüblər. Sonrakı çəkilərdə türkiyəli cüdoçular Kübra Bəşiroğlu (63 kq), Büşrə Nabatoğlu (70 kq) və Gözde Temel (+70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oğlanlar arasında isə Kamil Cəbiyev (46 kq) finalda komanda yoldaşı Natiq Quliyevi məğlub edib. 50 kq-da da finalçılar bizim olub. Burada Elnur Abbasov Xəzər Həsənova qalib gəlib.
55 kq çəki dərəcəsinin bütün mükafatları yerli idmançıların olub. Ən yüksək əyarlı mükafata Kamran Yəhyayev sahib olub.
60 kq qarşılaşması maraqlı olub. Burada Azərbaycan cüdoçusu Fəqan Quluzadə iranlı cüdoçu Araş Qurbani ilə mübarizədən qalib çıxıb.
66 kq-da Əli Əliyev (Azərbaycan) finalda komanda yoldaşı Nurlan Seyidbəyova qalib gəlib.
73 kq-da bütün mükafatlar bizim olub. Qızıl mükafatı Ruhin Əhədov qazanıb.
Sonrakı çəkidə də cüdoçularımız mükafatları heç kimə verməyiblər. Fəxri kürsünün ən yüksək piləsinə Mürsəl Bağəliyev qvlxıb. Amma ən ağır 90 və +90 kq-larda gürcülər Beka Dzetzenidze və Otar Mirnkaşvili fərqləniblər.
Beləliklə, cüdoçularımız beynəlxalq Bakı turnirində 12 qızıl, 11 gümüş və 20 bürünc medal qazanıblar.
Azərbaycan bu nəticə ilə komanda hesabında birinci , Türkiyə İkinci , Gürcüstan üçüncü və İran dürdüncü olub.

Xəbər 886 dəfə oxundu.