Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdə iştirak edib
Milli Olimpiya Komitəsində 2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 27-də Milli Olimpiya Komitəsində (MOK) 2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxdı.
Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
X X X
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısına idmançılara göstərdiyi diqqət və qayğıya, həmçinin xoş sözlərə görə minnətdarlıq etdi.
Beynəlxalq Hərbi İdman Şurasının üzvü polkovnik Natiq Əliyev şuranın mükafatını Prezident İlham Əliyevə təqdim etdi. Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə müxtəlif fəxri adlarla təltif olunan şəxslərə mükafatlar təqdim edildi.
Dövlətimizin başçısı Elçin Cəfərova və Ağayar Axundzadəyə MOK-un “Olimpiya” ordenini təqdim etdi.
İdmançılardan bir qrupu Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif olundu.
Daha sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən idmançıların bir qrupuna və məşqçilərə yeni mənzillərin orderlərini təqdim etdi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova idman ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və “Heydər Əliyevin neft strategiyası” miniatür kitabını dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev bir daha idmançıları təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

AzərTAc
27.12.2010

Xəbər 1331 dəfə oxundu.