Prezident İlham Əliyev Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və milli güləş federasiyasının rəhbərliyini qəbul etmişdir
Prezident İlham Əliyev aprelin 19-da Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir.
Dövlətimizin başçısı güləşçiləri Avropa çempionatında qazanılan qələbə münasibətilə təbrik etdi. “Bu doğrudan da, böyük uğurdur və Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu qələbə təsadüfi deyil, çünki bir neçə ildir güləşçilərimiz beynəlxalq çempionatlardan böyük uğurlarla qayıdırlar.
Güləşin Azərbaycanda həmişə populyar olduğunu bildirən dövlətimizin başçısı Bakıda keçirilən çempionatda gənc idmançıların uğurlu çıxışlarından şad olduğunu və onların tarixi nailiyyətlərə imza atdıqlarını diqqətə çatdırdı. Bu onu göstərir ki, idmanın Azərbaycanda gözəl perspektivləri vardır. İdmanın kütləviliyi təmin edilib və bütün imkanlar səfərbər olunub ki, Azərbaycanda sağlam həyat tərzi üstünlük təşkil etsin.
Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasının xidmətlərini vurğulayaraq bildirdi ki, federasiyada işgüzar ab-hava vardır.
İdmanın Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğuladı, onlara daim qayğı göstərilməsinin önəmini qeyd etdi.
Azərbaycanın çoxmillətli ölkə olduğunu və burada müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi, qardaşlıq və dostluq şəraitində yaşadığını deyən Prezident İlham Əliyev idman komandalarımızda da eyni mühitin hökm sürdüyünü və idmançılarımızın birlikdə mühüm nailiyyətlər qazandıqlarını qeyd etdi.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin Cəfərov, Avropa çempionları Xetaq Qazyumov və Sona Əhmədli, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dövlətimizin başçısına ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.
Prezident İlham Əliyev bu mühüm qələbə münasibətilə idmançılara bir daha təbriklərini çatdırdı və onlara növbəti illərdə də uğurlar arzuladı.
Sonda görüş iştirakçıları Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

19.04.2010
AzərTAc

Xəbər 2031 dəfə oxundu.