Premyer Liqanın IV turunda kimlər fərqləndi?
Premyer Liqanın IV turunda keçirilən “Turan” - “İnter” oyunu (2:3) bir sara maraqlı statistik göstəricilərlə yadda qalıb. İdman.com.az saytının məlumatına görə, bu, Kaxaber Sxadadzenin “bankçılar”in baş məşqçisi kimi Azərbaycan çempionatında 100-cü matçı oldu. “İnter” gürcü çalışdırıcısının rəhbərliyi altında 100 oyundan 47-də qələbə qazanıb, 30 dəfə heç-heçə edib və 23 matçda uduzub. Komanda bu oyunlarda rəqib qapısından 109 top keçirib, 73 qol buraxıb.

Tovuzdakı oyunda qol vuran gürcü hücumçu Georgi Adamiya ilə makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevski “İnter”in çempionatda fərqlənən 66-cı və 67-ci futbolçuları olub. Bakı klubunun Premyer Liqada bombardiri hesabında 28 qol olan uruqvaylı hücumçu Valter Quqlemondur. Xaqani Məmmədov 22 dəfə fərqlənib, 17 qolun müəllifi isə litvalı Robertas Poşkus olub. Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol bolqar yarımmüdafiəçi Petar Zlatinovun aktivindədir - 14. Kapitan Vladimir Levin 10, Nizami Hacıyev 9 qol vurub.

Qeyd edək ki, “İnter” 2004-cü ildən çıxış etdiyi çempionatda 236 oyun keçirib. Komanda bu oyunlarda 129 qələbə əldə edib, 64 bərabərliyə imza atıb və 43 məğlubiyyətlə barışıb. Bu matçlarda “İnter” 333 qol vuraraq, öz qapısından 160 top buraxıb.

Xəbər 940 dəfə oxundu.