“Qəbələ”nin ASSİStenti
“Qəbələ”nin yeni transferi Lorival Assis Azərbaycan Premyer Liqasında IV turun qəhrəmanı olub. İdman.com.az saytının məlumatına görə, braziliyalı futbolçunun “Sumqayıt”la qarşılaşmada göstərdiyi oyun diqqətdən kənar qalmayıb. Klubun rəsmi saytı Assisin assistentlik bacarığını ASSİStent kimi dəyərləndirib. Buna onun bütün qolların assistentliyini etməsi səbəb olub. Komandası 0:1 hesabı ilə məğlub durumda olarkən səhnəyə çıxan Assis 4:1 hesablı qələbəyə 4 məhsuldar ötürmə, yəni assistentlik pokeri ilə töhvə verib.

33-cü dəqiqədə Assisin ötürməsindən sonra Bruno da Silva hesabı bərabərləşdirir. 53-cü dəqiqədə Assisin küncdən zərbəsini Omar Kalabane başla tamamlayır və “Qəbələ” “Sumqayıt” qarşısında önə keçir. 55-ci dəqiqədə sol cinahdan cərimə meydançasına daxil olan Assisin qapı ağzına dəqiq ötürməsini Rəşad Abdullayev eyni dəqiqliklə tamamlayır - 3:1 71-ci dəqiqədə isə Assisin künc zərbəsi və yenə Kalabane başla fərqlənir – 4:1...

“Qəbələ” “Sumqayıt”la matçda hesabda geri düşsə də, komandanın əzmkar oyunu sonda rəqibin darmadağınını qaçılmaz etdi. Qonaqların qapısından 4 qol keçirən Fateh Kavlakın yetirmələri doğma meydançada ardıcıl 4-cü qələbələrini qazandılar. Təbii ki bu uğurlu nəticənin əldə olunmasında qola imza atanlar qədər qol ötürməsi verənlərin də rolu böyükdür. “Sumqayıt”la matçda isə son həlledici zərbəni vuranlar fərqli olsalar da, assistent rolunu oynayan bir futbolçu var idi – Assis. “Qəbələ”yə mövsümün əvvəlində qoşulan braziliyalı qısa müddətdə komandaya uyğunlaşması ilə diqqət çəkir. Meydançaya çıxdığı 4 oyunda o, 1 qol (“Qəbələ” – “İnter” 1:0) vuran və 4 məhsuldar ötürmə ilə yadda qalıb

Xəbər 977 dəfə oxundu.