Olimpiyaçılarımız üçün VİP nömrələr
Bu gün “Nar Mobile” rəhbərliyi XXX London Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan millisinin idmançıları və məşqçilərini qəbul edib.Olimpiyaçılarımızla görüşdə şirkətin baş direktoru Yurgen Pitz, biznesin inkişafı və əlaqələr departamentinin icraçı-direktoru Leyla Nəsrullayeva və kooperativ kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai onlarla fəxr etdiklərini deyib.

Pitz bildirib ki, Londonda qazanılan 10 medal Azərbaycan dövlətinin idman siyasətinin bariz nümunəsidir: “Mən sizin hamınızı təbrik edirəm və fəxr edirəm ki, burada sizi qarşılayıram. Hökumətin apardığı idman siyasəti nəticəsində Azərbaycan artıq qalib xalqdır. Bunun nəticəsi olaraq, sizi burada görürük. İdmana dövlət tərəfindən xüsusi qayğı var və bu Azərbaycan idmanını yüksəklərə qaldırır. Olimpiadalarda ardıcıl 1, 3, 5 və 7 medal qazanan yığmanın bu dəfə də məntiqi olaraq, 9 mükafata sahib çıxacağı gözlənilsə də, siz daha irəli gedərək 10 medalla Vətənə qayıtdız. Azərbaycan ilk “30-luq”da qərarlaşaraq, Türkiyə, Kanada və digər aparıcı ölkələri qabaqladı. Biz olimpiyaçılarla yanaşı, voleybol komandasını da dəstəkləyirik və bunu davam etdirəcəyik. Həmişə idmana dəstək olmağa hazırıq”.

Londonda nümayəndə heyətimizi mobil rabitə ilə təmin edən “Nar Mobile”nin yeni binasında ilk dəfə olimpiyaçılarımızla görüş keçirməsi də diqqət çəkən məqamlardandır. Şirkətin biznesin inkişafı və əlaqələr departamentinin icraçı-direktoru Nəsrullayevanın sözlərinə görə, bu, möhtəşəm bir gündür: “Burada sizi öz aramızda görmək çox möhtəşəmdir. Siz Londonda ölkəmizin nə qədər güclü olduğunu göstərdiniz. Bu böyük uğurdur və burada dövlətimizin, hər birinizin, məşqçilərinizin zəhməti var. Biz də “Nar Mobile” olaraq, yığmamızı Londonda dəstəklədik”.

Ardından mükafatçılarımıza VİP telefon nömrələri və dəyərli hədiyyələr təqdim olundu. Mükafatlandırmadan sonra olimpiyaçılarımız “Nar Mobile” kollektivi ilə görüşərək onlarla səmimi söhbət ediblər. Qəhrəmanlarımız, həmçinin öz şəkillərinin üzərinə imza ataraq, şirkət işçilərinə veriblər.

Tədbirin sonunda komandamız adından çıxış edən Olimpiya dərəcəli referi Hicran Şərifov şirkət rəhbərliyinə və kollektivinə belə görüş üçün minnətdarlığını bildirdi.
apasport.az

Xəbər 870 dəfə oxundu.