2-ci dəfə 2
Azərbaycan klubları Avropa kuboklarının 2012/13 mövsümündə rekord vurub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, ölkəmiz bu il avrokuboklarda topladığı xallar hesabına reytinqini zirvə nöqtəsinə qaldırıb.

Belə ki, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” ümumilikdə 2,000 xal yığmağa nail olub. Bu isə Azərbaycan futbolu tarixində ən yüksək nəticədir.

1994/95 mövsümündə qitə arenasına çıxan komandalarımız heç vaxt bundan artığına nail olmayıb. Yalnız 1 dəfə indiki kimi 2,000 xal toplamaq mümkün olub. Bu da 2010/11 mövsümündə gerçəkləşib. Həmin vaxt “İnter”, “Bakı”, “Qarabağ”, “Xəzər Lənkəran” Azərbaycan üçün rekord müəyyənləşdirmişdi. 2 ildən sonra isə rekord təkrarlandı. Amma...

Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin APOEL-lə Kiprdəki cavab oyunu var. Bakılılar mütləq rekordun əldə olunması üçün uduzmasa kifayətdir.

Ümumilikdə isə 19 illik avrokuboklar tarixində 2-ci dəfə “2”ni fəth edən klublarımız daha 4 dəfə 1-dən artıq xal yığıblar. 8 dəfə yığılan xalları bundan da az olan təmsilçilərimiz 3 dəfə mövsümü “0”la bitirib. 2 il isə komandalarımız qitə kuboklarından kənarda qalıb.

Xəbər 1184 dəfə oxundu.