Prezident İlham Əliyev şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan Milli Komandasının üzvlərini qəbul etmişdir
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olan kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul etmişdir.
Şahmatçıları qələbə münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar, sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan şahmatçıları Avropa çempionatının qalibləridir. Bu, böyük və tarixi qələbədir. Şahmatçılarımız çox istedadlıdırlar, müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə yaxşı nəticələr göstərirlər və FİDE-nin reytinqində də yüksək yerləri tuturlar. Ancaq ilk dəfədir ki, şahmatçılarımız komanda hesabında birinci olublar. Bu, böyük qələbədir, böyük sevincdir.
Siz yaxşı bilirsiniz ki, ən güclü şahmat komandaları məhz Avropa ölkələrindədir. Avropada birinci olmaq, əslində, dünya miqyasında birinci olmaq deməkdir. Bu, doğrudan da böyük uğurdur. Sizi bütün bu gözəl hadisələr, qələbələr münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Bu qələbə bir daha Azərbaycanın imkanlarını, Azərbaycan xalqının intellektual potensialını göstərir və Azərbaycanın idman sahəsində uğurlarını bir daha təsdiq edir. İdman növlərinin demək olar ki, əksəriyyətində intellektual potensial mühüm rol oynayır. Ancaq şahmat elə bir idman növüdür ki, burada sırf intellekt mübarizəsi gedir. İdmançılarımızın – şahmatçılarımızın belə gözəl çıxışları, belə yüksək nailiyyətləri hamımızı ürəkdən sevindirir. Bir də onu göstərir ki, Azərbaycanın idman potensialı və intellektual potensialı çox yüksək səviyyədədir.
Qadınlardan ibarət komandamız da yaxşı nəticə göstərmişdir, üçüncü-dördüncü yerləri tutmuşdur. Bu da çox yaxşı nəticədir və mən qadınları da bu nəticə münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Onu da qeyd etmək istəyirəm ki, komandamızın üzvlərinin yaş həddi də çox aşağıdır, gənclərdən ibarətdir. Bu da çox sevindirici haldır. İdmançılarımızın hamısı müstəqillik dövründə böyümüşlər, müstəqillik dövründə oxumuşlar, tərbiyə almışlar. Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan belə gözəl idmançıları, belə ağıllı insanları yetişdirir.
Azərbaycanda şahmat ənənələri həmişə güclü olubdur. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə bütün rayonlarda şahmat məktəbləri tikilmişdi. Bu da şahmatın inkişafına böyük təkan vermişdir. Düzdür, müstəqilliyimizin ilk illərində - 1990-cı, 1991-ci, 1992-ci illərdə o şahmat evlərinin böyük əksəriyyəti dağıldı, bağlandı, bəziləri özəlləşdirildi, satıldı. Yəni əslində, o illərdə Azərbaycanda hər yerdə olduğu kimi, bu sahədə də hərc-mərclik hökm sürürdü və şahmata, əslində, diqqət göstərilmirdi. Ancaq bu gün bütün bölgələrdə şahmat məktəbləri ya bərpa edilir, ya da ki, yenidən tikilir. Mən bölgələrdə tez-tez oluram və bir neçə şahmat evinin açılışında şəxsən iştirak etmişəm. Çox şadam ki, bu gözəl ənənələr bərpa edilir. Belə olan halda, xüsusilə idmançılarımızın belə yüksək nəticələr əldə etmələri ilə əlaqədar, əminəm ki, şahmat məktəblərinə axın daha da sürətlənəcək, uşaqlarımız idmanın bu gözəl növü ilə daha da kütləvi şəkildə məşğul olacaqlar.
Mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm - ilk növbədə idmançıları, şahmatçıları, onların məşqçilərini, federasiya rəhbərliyini. Bu, doğrudan da böyük və tarixi qələbədir, siz bu qələbəyə layiqsiniz. Siz uzun illər bu qələbəyə doğru addımlamısınız və bu qələbə sizin fəaliyyətinizin məntiqi nəticəsidir. Bir daha sizi təbrik edirəm, sizə gələcək uğurlar və qələbələr arzulayıram.
XXX

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman RÜSTƏMOV federasiya adından dövlətimizin başçısına minnətdarlığını bildirdi və bu qələbəyə aparan yolun heç də asan olmadığını söyləyərək dedi:
- Cənab Prezident, idmançılarımız, şahmatçılarımız, onların məşqçiləri adından, federasiyanın adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Doğrudan da bu qələbəyə gedən yol, cənab Prezident, çox uzundur və bu, asan bir qələbə deyildir. Bir neçə illər öncə ümummilli öndərimiz Heydər Əliyev şahmatçıları qəbul edəndə onlar gənc idilər, uşaq idilər. Bir şəkil vardı, bu uşaqlar ulu öndərin əhatəsində bu otaqda çəkdiriblər. Bütün beynəlxalq şahmat ictimaiyyəti o şəkli çox yaxşı tanıyır.
Cənab Prezident, gələcəyimizin yolu oradan başlayır. Bu uşaqların, şahmatçıların böyüməsində, onların idman ustalığının artırılmasında ulu öndərimizin doğrudan da çox böyük zəhməti vardır. Onlara çox böyük zəhmət çəkilibdir, diqqət yetirilibdir və Sizin tərəfinizdən çox böyük işlər görülübdür.
Təbii ki, bu qələbə həm də ölkədə gedən proseslərin tərkib hissəsidir. Bu gün ölkə bütün sahələrdə yüksəlişdədir. Ölkəmiz tam bir renessans dövrünü yaşayır. Məndən orada soruşanda ki, bu qələbə nəyə ithaf olunur?! Deyirdim ki, Azərbaycan şahmatçıları qələbəni məhz bu dövrə ithaf edirlər. Bu, renessans dövrünün nəticəsidir.
Qələbə olduqca çətin bir mübarizə şəraitində qazanıldı. Biz orada bilirdik ki, bütün Azərbaycan kompyuterdə onlayn rejimində yarışı izləyir. Son gedişlərdə biz Rusiya milli komandasını üstələdik və qələbə qazandıq. Bir gün öncə komandanın toplantısı oldu və orada birmənalı olaraq hamı qərara gəldi ki, bu qələbə Azərbaycana olduqca lazımdır. Bu qələbəni bizdən gözləyirlər. Ölkə, rəhbərlik, cənab Prezident, bizdən ancaq qələbə gözləyir, ancaq qələbəyə oynamaq lazımdır. Uşaqlar böyük iradə göstərdilər və böyük iradə ilə qalib gəldilər. Biz çox xoşbəxtik ki, dünyanın ən intellektual oyunu hesab olunan bir idman növündə qocaman Avropada milli yığma komandamız birincidir.
Siz doğru buyurdunuz ki, ən güclü komandalar Avropadadır. Buna baxmayaraq, biz iddialıyıq, qarşımızda böyük turnirlər var - dünya çempionatları, Olimpiya oyunları vardır. Biz çalışacağıq ki, bu qələbəni daha da inkişaf etdirək.
Bir daha Sizə minnətdarlığımı bildirirəm.

XXX

Komandanın kapitanı Zurab AZMAYPARAŞVİLİ Azərbaycan idmançılarının qələbəsi münasibətilə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovun təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Z.Azmayparaşvili Prezident İlham Əliyevin idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, Azərbaycanda idmanın bu növünün inkişafına dair təsdiq edilmiş proqramın FİDE-də xüsusi razılıqla qarşılandığını vurğulamışdır. O, şahmatçılarımızın bacarığına əmin olduğunu və qələbəyə əvvəlcədən inandığını demişdir. Z.Azmayparaşvili yarış zamanı dövlət başçısının həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi şahmatçılarımıza bəslədiyi ümidi doğrultmağın əsas qayə olduğunu və bu məqsədə çatmaqdan məmnunluq hissi keçirdiklərini bildirmişdir. Komandanın kapitanı qeyd etmişdir ki, şahmatçılarımızın növbəti hədəfi dünya və Olimpiya çempionu olmaqdır.

XXX

Prezident İlham ƏLİYEV komanda oyunlarında şahmatın digər idman növlərindən fərqləndiyini, burada komanda ruhunun yüksək olması ilə yanaşı, fərdi bacarığın qələbə üçün həlledici meyar olduğunu demişdir. Bu mənada komanda üzvlərinin, məşqçilərin və Azərbaycan Şahmat Federasiyasının birgə fəaliyyətinin qələbənin təmin edilməsində müstəsna əhəmiyyəti olmuşdur.
Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, Azərbaycanda idman federasiyalarına həyat təcrübəsinə malik nüfuzlu şəxslər təyin olunur və müxtəlif beynəlxalq yarışlarda qazanılan uğurlar bu meylin özünü doğrultduğunu dəfələrlə sübut etmişdir.

XXX

Komandanın üzvü Vüqar HƏŞİMOV qeyd etmişdir ki, müxtəlif vaxtlarda şahmatçılar fərdi yarışlarda yüksək nəticələr göstərmişlər. Lakin ilk dəfədir ki, Azərbaycan şahmatçıları komanda şəklində Avropa çempionu olur.
Bu gün peşəkar şahmatçıya çevrilmələrində ulu öndər Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Vüqar Həşimov dedi:
- Burada qeyd olundu ki, bizim hər birimiz müstəqillik dövründə boya-başa çatmışıq. Onu da qeyd edim ki, ulu öndərimizin sözsüz ki, böyüməyimizdə, ümumiyyətlə, professional şahmatçıya çevrilməyimizdə çox böyük xidmətləri vardır. Çünki məhz o vaxtlar biz gənc idik, təxminən 11-12 yaşımız var idi. Məhz o vaxtlar şahmat yolunu davam etdirmək və yaxud oxumaq, təhsilimizə davam etmək bizim seçimimiz idi. Sözsüz ki, ulu öndərimizlə görüşdən sonra biz qəti seçimimizi etdik və peşəkar şahmatçıya çevrildik.
Sözsüz ki, cənab Prezident, Sizə də çox böyük minnətdarlığımızı bildiririk. Çünki Siz də heç vaxt öz köməyinizi bizdən əsirgəməmisiniz. Hər zaman nə lazım olubsa, Siz onu etmisiniz, xüsusən də mənə. Bilirsiniz ki, mən bir neçə il şahmatdan ayrı qaldım və sonra Sizin dəstəyiniz və yardımınız sayəsində yenidən şahmata qayıtdım. Buna görə Sizə minnətdaram.
Şahmatçıların hamısının adından Sizə bu gün də söz veririk ki, biz gələcəkdə də əlimizdən gələni edəcəyik ki, həm komanda şəklində dünya çempionu, Olimpiya çempionu olaq, həmçinin fərqi yoxdur, kim olursa-olsun, Allahın köməyi ilə şahmat tacını Azərbaycana qaytaraq. Bir daha təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV dedi: Çox vacib amil ondan ibarətdir ki, komandamız qələbə uğrunda mübarizə aparırdı. Bu, çox vacibdir. Hansısa yüksək yer tutmaq uğrunda yox, məhz qələbə, birincilik uğrunda. Bu, çox önəmlidir. Bu, əslində, bir tərəfdən şahmatçılarımızın əzmkarlığını, digər tərəfdən idmanın şahmat növünün Azərbaycanda nə qədər sürətlə inkişaf etdiyini göstərir. Mən əminəm ki, Avropa çempionatında yarışan komandaların əksəriyyəti yüksək yer uğrunda mübarizə aparırdı. Bəlkə də bir neçə komanda çempion titulu uğrunda mübarizə aparırdı, o cümlədən Azərbaycan komandası da onların arasında. Bu, əslində, Azərbaycanın inkişafını göstərir.
Bütün başqa idman yarışlarında da idmançılarımız ancaq qələbə arzusu ilə yarışa qatılırlar. Bu, artıq reallıqdır. Azərbaycanda idmanın, demək olar ki, bütün növləri inkişaf edir və bu il – 2009-cu ildə müxtəlif idman növlərində Azərbaycan idmançıları dünya miqyasında, Avropa çempionatlarında birinci yerləri tutmuşlar. Güləş, avarçəkmə, digər idman növlərində, indi şahmat üzrə - bu, böyük tarixi qələbədir. Azərbaycan vətəndaşları bir növ bu qələbələrə öyrəşiblər. Hesab edilir ki, bu, daim belə olmalıdır. Amma heç də hər zaman belə olmur. Bu, Azərbaycan reallıqlarıdır.
Şahmatçılarımız fərdi oyunlarda da çox güclüdürlər və komanda tərkibində. Bu, ölkənin potensialını göstərir. Bir ölkədə bir görkəmli şahmatçı ola bilər. Ancaq bir neçə güclü idmançının, şahmatçının yetişdirilməsi üçün münbit şərait olmalıdır. Ölkədə bu şərait olmalıdır. Ölkənin ümumi inkişafı olmalıdır. İnkişaf etməmiş, yaxud da ki, ağır vəziyyətdə yaşayan ölkələrdə çox nadir hallarda görkəmli idmançılar belə kütləvi şəkildə yetişir. Azərbaycanda mövcud şərait, ümumi inkişaf, müasirləşmə prosesləri o qədər güclüdür ki, bu, istənilən sahəyə öz təsirini göstərir. Şahmatçılarımızın həm intellektual səviyyəsi, həm vətənpərvərlik hissləri, eyni zamanda, qələbə əzmi – bütün bu amillər qələbəni şərtləndirir. Bu, bir daha onu göstərir ki, biz böyük işlərə qadirik, bizim bütün təşəbbüslərimiz yaxşı nəticələrlə başa çatır.
Bu qələbə artıq Azərbaycan şahmat məktəbinin tarixinə qızıl hərflərlə yazılmış bir qələbədir və dünya şahmat aləmində də bu, artıq tarixdir. Bu tarixi siz yazmısınız. Mən əminəm ki, bütün Azərbaycan xalqı bu qələbəyə görə sizə minnətdardır. Əminəm ki, siz gələcək yarışlarda eyni əzmkarlıq və mübarizə ruhu ilə yeni qələbələrə doğru uğurla gedəcəksiniz. Bir daha sizi təbrik edirəm.

X X X

Sonda Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.


AzərTAc
03.11.2009

Xəbər 1505 dəfə oxundu.