Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afina Olimpiya Oyunları zamanı jurnalistlərə müsahibəsi
İlham Əliyev: Azərbaycan günü çox yaxşı keçdi, görürsünüz ki, çoxlu qonaqlar vardı. Biz çalışdıq ki, bunu yüksək səviyyədə keçirək. Bəlkə xatırlayırsınız, Sidneydə Azərbaycan günü keçirmişdik, o, bizim üçün ilk təcrübə idi. Bu dəfə də bizim mütəxəssislərimiz yaxşı hazırlaşmışdılar, Azərbaycanın reallıqlarını əks etdirən gözəl videomateriallar nümayiş etdirildi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, BOK-un fəxri prezidenti Samaranç, federasiyaların rəhbərləri, digər ölkələrdən olan nümayəndələr buradadırlar. Bunun özü də göstərir ki, Azərbaycan beynəlxalq idman ailəsində özünə layiq yerini tutmuşdur və ona böyük hörmətlə yanaşırlar. İdmançılarımızın uğurlu çıxışları, Azərbaycanda idman sahəsində görülən tədbirlər nəticəsində buna nail olmuşduq. İdmançılarımız gərək bundan sonra da Azərbaycanın bayrağını yüksəklərə qaldırsınlar.

Müxbir: Sidneydə gözəl günlər yaşadıq, üç medal qazandıq. İnşallah, bu dəfə medallar daha çox olacaqdır.

İlham Əliyev: Baxarıq, bu idmandır. Əlbəttə, imkan var ki, medallar qazanaq, güclü idmançılarımız var. Boksçularımız dünən iki qələbə qazandılar, bu gün də boksçumuz görüşdə qalib gəldi. Yenə qələbələrimiz olacaqdır.

Müxbir: Cənab prezident, ilk dəfədir ki, Azərbaycanın “Lider” televiziyası Olimpiya oyunlarından canlı yayımla verilişlər təşkil edir. Siz bunu necə qiymətləndirirsiniz?

İlham Əliyev: Mən bunu yüksək qiymətləndirirəm ki, ilk dəfədir Olimpiya oyunları Azərbaycanın televiziyası ilə birbaşa verilir. Bu onu göstərir ki, ölkəmiz inkişaf edir. Sidney Olimpiadasında belə deyildi, doğrudur, oradan materiallar ötürülürdü, amma bu dəfə “Lider” televiziyası belə bir gözəl tədbir gördü və bizim bütün idman həvəskarlarımız bu cür fürsət əldə etdilər. Çox müsbət haldır. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycan Respublikasının Prezidenti kimi sizə minnətdarlığımı bildirirəm.
Bilirsiniz ki, Azərbaycanda idmana böyük maraq, hörmət var. Sağ olun ki, sizin sayənizdə tamaşaçılarımız belə gözəl fürsət əldə ediblər.

Müxbir: Bunlar, əslində, Sizin sayənizdə mümkün olubdur. Azərbaycanın bütün sahələrində inkişafı televiziyada da öz əksini tapmışdır. İcazənizlə, Almaniyaya qarşıdakı səfərinizlə bağlı sual verərdim. Ümumiyyətlə, bu ölkəyə səfərinizi necə qiymətləndirirsiniz?

İlham Əliyev: Bu səfər vacibdir. Almaniya ilə çox gözəl iqtisadi əlaqələrimiz var, siyasi cəhətdən də ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Bilirsiniz ki, Almaniya dünyanın və Avropa Birliyinin aparıcı ölkələrindəndir və çox istəyirik ki, bizim aramızda müxtəlif sahələrdə olan münasibətlər daha da inkişaf etsin. Almaniya iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir və dünyada aparıcı iqtisadiyyat kimi tanınmışdır. Azərbaycanın da iqtisadiyyatı inkişaf edir, irəliləyir. Ona görə də ikitərəfli əlaqələrin genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir.

Müxbir: Afinada Azərbaycandan daha çox azarkeşlər təmsil olunmuşdur...

İlham Əliyev: Bu, bir daha onu göstərir ki, ölkəmiz inkişaf edir. Yəni son dörd il ərzində Azərbaycanda bütün sahələr, o cümlədən idman inkişaf etmişdir. İnsanlarımızın həyat səviyyəsi yaxşılaşır, ölkə daha da inamla irəliləyir. Əlbəttə ki, buraya gəlmək üçün müəyyən vəsait tələb olunur. Bu, onu göstərir ki, Azərbaycan vətəndaşları belə imkanları əldə ediblər. Eyni zamanda, bu göstərir ki, biz düz yoldayıq. Ümid edirik ki, növbəti, Çində keçiriləcək Olimpiya oyunlarında da çox idmançılarımız və azarkeşlərimiz olacaqdır.

15 avqust 2004-cü il

Xəbər 2695 dəfə oxundu.