Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Lider” televiziyasına müsahibəsi
Sual: Cənab prezident, Fərid Mansurov ölkəmizə ilk qızıl medalı qazandırmışdır. Siz bu xəbəri necə qarşıladınız?

Cavab: Mən çox sevindim. Bilirsiniz ki, mən dünən Almaniyada rəsmi səfərdə idim. Fəridin final yarışı başlayanda Bakıdan xəbər tuturdum. Çünki orada televiziya vasitəsilə izləmək mümkün deyildi, veriliş getmirdi. Əlbəttə, bu xəbəri eşidəndə çox sevindim. Bu, hamımızın böyük bayramı, qələbəsidir. Mən çox şadam ki, bu qələbəni, qızıl medalı Fərid qazandı. O, doğrudan da həm peşəkar idmançıdır, həm gəncdir, həm də çox gözəl, təvazökar insandır, tərbiyəli, mədəniyyətli bir oğlandır. Çox şadam ki, qələbə məhz ona nəsib olubdur. Ümid edirəm ki, bundan sonra da medallarımız olacaqdır. Bilirsiniz ki, boksçularımızın ikisi yarımfinaldadır. Onlardan da qələbə gözləyirik. Digər idmançılar da çıxış edəcəklər. Yəni bu Olimpiada artıq onu göstərdi ki, Azərbaycanda idman inkişaf edir və idmançılarımız da ölkəmizi ləyaqətlə təmsil edirlər.

Sual: Cənab prezident, biz Fərid Mansurova belə bir sual verdik ki, Siz medalı onun boynundan asanda hansı hissləri keçirdi? O da öz fikrini söylədi. Biz bilmək istəyirik ki, Siz Azərbaycan idmançısının boynundan dünya idmanının ən ali, qızıl medalını asanda hansı hissləri yaşayırsınız?

Cavab: Bilirsiniz, mən sevinirəm. Həmişə belə məqamlarda qürur hissi duyuram. Çünki bu, doğrudan da böyük qələbədir. Olimpiya oyunları dünyanın ilk yarışıdır ki, ölkələr bir-biri ilə rəqabət aparır. Nəticədə cədvəl tutulur və hər bir ölkə özünü cədvəldə müəyyən yerdə görə bilər. Hamımız istəyirik ki, Azərbaycanın yeri daha da yüksək olsun. İstəyirik ki, ölkəmizin idman şöhrəti, ümumiyyətlə, imici daha da yüksəklərə qalxsın. Hər dəfə Azərbaycanın bayrağı qaldırılanda, dövlət himni səslənəndə hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir, o cümlədən mən də. Ona görə bilirsiniz, bu hissləri ifadə etmək çətindir.
Yadınızdadır, mən demişdim ki, Sidneydə gözəl anlar yaşandı, o anları bir də yaşamaq istəyirik. İndi bu anları yaşayırıq. İnşallah, bundan sonra da belə anlar çox olacaqdır.

Sual: Cənab prezident, Fərid Mansurov Azərbaycan milli ordusunun əsgəridir və hərbi xidmətdədir. Ümumiyyətlə, Azərbaycan əsgərinin dünya Olimpiya oyunlarında qızıl medal qazanmasına hansısa rəmzi məna vermək olarmı?

Cavab: Əlbəttə, əlbəttə, olar. Mən həmişə qeyd edirəm ki, idmançılarımızın uğurlu çıxışları Azərbaycan gənclərində vətənpərvərlik ruhunu daha da yüksəldir. Biz gənclərimizi, yeniyetmələrimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, böyütməliyik. Əlbəttə, bunun çox böyük mənası var. Azərbaycan ordusu da güclənir, əsgəri də daha peşəkar olur. Bu baxımdan burada böyük məna var.

Sual: Cənab prezident, indi güləşçilərimiz, taekvondoçularımız mübarizəyə qoşulurlar. Onlara arzularınız nədir?

Cavab: Onlara arzum budur ki, ləyaqətlə çıxış etsinlər. Qələbə ola da bilər, olmaya da bilər. Bu, idmandır. İdmanda hər şey olur. Amma ən önəmlisi odur ki, hər bir idmançı daim yadda saxlasın - o, təkcə özünü deyil, bütün ölkəmizi təmsil edir. O, döşək üzərinə çıxanda gərək bunu unutmasın. Bilsin ki, Azərbaycan xalqı ona baxır, onun qələbəsini arzulayır və o, Azərbaycanı ləyaqətlə təmsil etməlidir.
Mən bu fürsətdən istifadə edib, medal qazana bilməyən, lakin ləyaqətlə çıxış edən idmançıları bir daha qeyd etmək istərdim. Mehman Əzizov, Mövlud Mirəliyev, Turan Mirzəyev, Rövşən Hüseynov - onlar da medala layiq idilər. Onlar da medal qazanmağa yaxın idilər. Hesab edirəm, ən önəmlisi budur ki, onlar kişi kimi yarışdılar və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar. Medal qazanmağa bir balaca nəsə çatmadı, hardasa bəxt gətirmədi, amma qələbə yaxın idi. Buna baxmayaraq, mən onların da çıxışlarını yüksək qiymətləndirirəm. Onlar bizim digər idmançılarla yanaşı, gənc nəslə, gənc idmançılara örnək, nümunə olmalıdırlar.

26 avqust 2004-cü il

Xəbər 2900 dəfə oxundu.