Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyasında ilin yekunları müzakirə olunub
Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyasında (AVÇDSF) ilin yekunları müzakirə olunub.

Tədbirdə federasiyanın üzvü olan nümayəndələri, klubların rəhbərləri, məşqçilər, hakimlər və idmançılar iştirak ediblər.

AVÇDSF-nın prezidenti Asif Sayadov federasiyanın 2021-cu ili uğurla başa vurduğunu bildirib. O, qeyd edib ki, ölkəmiz üçün yeni olan vinq-çunun inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. A.Sayadov federasiyanın gələcək perspektivlərindən və idmanın bu növü üzrə uğurun əldə olunması üçün qarşıda duran vəzifələrdən danışıb. O, bildirib ki, iyunda açıq havada seminar, oktyabrda Bakı çempionatı və Daxili İşlər Nazirliyinin Akademiyasında seminar, dekabrda isə qadınların şiddət və zorakılığa qarşı özünümüdafiəsi üzrə seminar keçirilib.

Federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu isə federasiyanın builki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
AVÇDSF-nın şöbə müdiri Baba Məmmədov isə federasiyanın növbəti ildəki çempionat və tədbirləri barədə, həmçinin ölkədə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb.

Daha sonra federasiyanın icraçı direktoru Ramin Əliyev Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Qələbə qaçışı” adlı xeyriyyə tədbirindən söz açıb.

Fransa Vinq Çun və Krav Maga məktəbinin nümayəndəsi Aleksandr Boisson isə ölkəmizdə idmanın bu növünün gündən-günə inkişaf etdiyini bildirib.

Sonra federasiya tərəfindən ilin ən yaxşı idmançısı Ayman Mahal seçilib.

Sonda il ərzində fərqlənmiş idmançı, məşqçi və klubların rəhbərləri, federasiya rəsmiləri, eləcə də mətbuat nümayəndələri fəxri fərman və diplomlarla təltif olunublar.

Xəbər 303 dəfə oxundu.