Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti yığma komandaların üzvləri ilə görüşüb
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev dekabrın 24-də Respublika Velotrekində müxtəlif yaş qrupları üzrə yığma komandaların üzvləri ilə görüşüb.

İdmançıları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən M.Quliyev velosipedçilərin beynəlxalq yarışlarda uğur qazanmaları, ölkəmizi layiqincə təmsil etmələri üçün lazım olan bütün işlərin görüləcəyini, maddi-texniki təminatın daha da yaxşılaşdırılacağını deyib.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev sağlam gəncliyin yetişməsi üçün hər zaman dəstək göstərir. Federasiya rəhbəri Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyen və Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasanın Azərbaycan Prezidentinə məktub ünvanlayaraq onu 60 illik yubileyi və Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etdiklərini vurğulayıb.

“Özünüzə inanın, vahid komanda olun. Sizi təkcə yaxşı velosipedçi yox, həm də Vətənimizin layiqli vətəndaşı kimi görmək istəyirik”, - deyən M.Quliyev bu cür görüşlərin tez-tez təşkil ediləcəyini bildirib.

Yığma komandanın baş məşqçisi Asif Həsənov və elit yığma komandamızın kapitanı Elçin Əsədov səmimi görüşə görə federasiya prezidentinə təşəkkür edərək, rəqabətə davamlı, güclü komanda formalaşdırılması üçün bütün qüvvələrin səfərbər olunacağını deyiblər.

Xəbər 844 dəfə oxundu.