Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Lider” televiziyasına müsahibəsi
Müxbir: Cənab prezident, Milli Olimpiya Komitəsinə rəhbərliyə başladığınız vaxtdan qarşıya qoyduğunuz vəzifələrə nə dərəcədə nail olmusunuz?

İlham Əliyev: Səkkiz il çox tez keçdi. Mən o günü çox yaxşı xatırlayıram. Səkkiz il bundan əvvəl Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəldim. Bu illər ərzində mənim həyatımın, fəaliyyətimin bir hissəsi idmanla bağlı olmuşdur. Bu illər ərzində uğurlar həddindən artıq çoxdur. Azərbaycanda idman geniş vüsət aldı, kütləvi xarakter aldı. Ölkəmizin müxtəlif şəhərlərində gözəl olimpiya kompleksləri tikildi. İdmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında Azərbaycanın milli bayrağını yüksəklərə qaldırdılar. Azərbaycanda komanda idman növləri inkişaf etdi. Bugünkü qələbə bunun əyani təzahürüdür.
Bir neçə il bundan əvvəl bütün bunları heç təsəvvür etmək mümkün deyildi. İki il bundan əvvəl təsəvvür etmək mümkün deyildi ki, Qubada 8 milli komandanın iştirakı ilə beynəlxalq turnir keçiriləcəkdir. Bütün bunlar görülən işlərin, Azərbaycanda gedən inkişafın nəticəsidir.
Bugünkü qələbə məni çox sevindirir. Çox güclü rəqib üzərində tam üstünlüklə qələbə qazanıldı. Bizim qızlarımız çox gözəl oyun nümayiş etdirirlər. Görün, nə qədər insanlar sevinc içindədir, nə qədər böyük ruh yüksəkliyi var. İdman bu baxımdan da çox vacib sahədir. İnsanlarda ruh yüksəkliyi doğurur, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə olunmasında idmanın müstəsna rolu vardır. Qazanılan bütün uğurları bir müsahibə çərçivəsində demək çətindir. Hər halda, nəticələr göz qabağındadır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.

Müxbir: Cənab prezident, Siz təxminən bir il bundan əvvəl bu bölgəyə səfər etmişdiniz. İndi də gəlmisiniz. Burada nə kimi dəyişikliklər gördünüz?

İlham Əliyev: Dəyişikliklər görünür. Bu bir il ərzində Qubada, Qusarda, Xaçmazda ciddi dəyişikliklər baş vermişdir. Şəhərlər abadlaşır, yeni iş yerləri açılır, müəssisələr işə salınır, insanların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Əlbəttə, müqayisə etmək mənim üçün çətin deyil, çünki düz bir il bundan əvvəl burada idim.
Çox sevinirəm ki, Azərbaycanın, demək olar, hər yerində inkişaf özünü büruzə verir. Ölkə sürətlə inkişaf edir. Mənim fəaliyyətimin prioritet istiqamətlərindən biri də odur ki, regionların inkişafına böyük diqqət göstərilsin. Azərbaycanın güclənməsi regionların hesabına olmalıdır, insanların yaşayış səviyyəsi yüksəlməlidir. Paytaxtla bölgələr arasındakı fərq azalmalıdır. Bu da var. Bu, həm görülən işlərin nəticəsidir, həm də ümumi iqtisadi inkişafın təzahürüdür. Yəni, inkişaf olmayan yerdə bu dəyişikliklər baş vermir. Mən çox sevinirəm ki, Azərbaycanın bölgələri inkişaf edir, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşır.
Gələn il də gələcəyəm və yəqin ki, daha yaxşı nəticələri görəcəyəm.

Müxbir: Dediyiniz kimi, Qubada keçirilən yarışda 8 ölkənin komandaları iştirak edir. Avropanın idman federasiyaları olduqca həssasdırlar, hər bir məsələyə çox diqqətlə yanaşırlar. “Lider” televiziyasının “Eurosport” telekanalı ilə əməkdaşlığı sayəsində Qubada keçirilən yarış bütün Avropaya və dünyanın bir çox başqa ölkələrinə də birbaşa yayımlanır. Yəqin ki, ekrandakı “Quba” sözü xarici idmansevərləri təəccübləndirir. Çünki öyrəşiblər ki, belə yarışlar adətən Bakıda keçirilir. Necə bilirsiniz, gələcəkdə Azərbaycanın digər idman komplekslərində də yüksək səviyyəli yarışlar keçirilməsinə imkan olarmı?

İlham Əliyev: Hər halda, belə imkan var. Bu gün birinci oyunu - Rusiya və Polşa komandaları arasında keçirilən görüşü mən də sizin kanalın yayımı vasitəsilə “Eurosport”da izlədim. Çox sevindim ki, “Eurosport” yarışı canlı yayımlayır və göstərilir ki, yarış Azərbaycanda, özü də paytaxt Bakıda deyil, Qubada keçirilir. Azərbaycanda Olimpiya komplekslərinin tikintisi, bir tərəfdən, idmançıların məşğul olması, təlim-məşq toplanışları keçirməsi, digər tərəfdən də, beynəlxalq tədbirlərin keçirilməsi məqsədi güdür. Bakılılar artıq bu cür tədbirlərə öyrəşmişlər. İndi növbə çatıb ki, bölgələrdə belə tədbirlər keçirilsin. Qubada keçirilən bu beynəlxalq yarış ilk belə hadisədir. Şübhə etmirəm ki, gələcəkdə başqa yerlərdə də buna bənzər tədbirlər keçiriləcəkdir. Çünki artıq bu təcrübə var, Beynəlxalq Voleybol Federasiyası bundan əvvəl də buradakı mövcud vəziyyətlə tanış olub və çox razıdır. Bir halda ki, belə təcrübə, necə deyərlər, tarix var, deyə bilərik ki, gələcəkdə başqa yarışlar da keçiriləcəkdir. Azərbaycan dünyada bu cəhətdən daha da məşhurlaşacaqdır.

Müxbir: İnanıram ki, Sizin bu müsahibənizi bizim komandanın üzvləri də dinləyəcəklər. Onlara nə demək istərdiniz?

İlham Əliyev: Onları ürəkdən təbrik edirəm. Həm yüksək peşəkarlıq, həm də böyük ruh yüksəkliyi nümayiş etdirdilər, bizim tamaşaçıları sevindirdilər. Bütün Azərbaycan xalqını sevindirdilər. Biz hamımız qürur hissi keçiririk ki, komandamız Avropanın ən güclü komandaları üzərində qələbə qazanmışdır. Mən qızları təbrik edirəm, Faiq Qarayevi təbrik edirəm, onun çox böyük əməyi vardır. Bu yaxınlarda onunla görüşmüşdük və ilk görüşümüzü xatırlayırdıq. Bir neçə il bundan əvvəl görüşdük və söhbət əsnasında belə qərara gəldik ki, o, Bakıya qayıtmalı, komandaya rəhbərlik etməlidir, Milli Olimpiya Komitəsi də onu tam dəstəkləyəcəkdir. Bir tərəfdən, ona şərait yaradıldı, digər tərəfdən də peşəkarlığı, doğma Vətənə bağlılığı, qızların səriştəsi və bacarığı, eyni zamanda vətənpərvərliyi bütün bu nailiyyətlərin əldə olunmasında rol oynadı. Bu gün biz həqiqətən çox böyük sevinc içindəyik. Qürur hissi keçiririk ki, bizim milli komandamız belə yüksək səviyyədədir. Avropa və dünya çempionatlarına da vəsiqə qazanıbdır və şübhə etmirəm ki, ölkəmizi layiqincə təmsil edəcəkdir.
“Lider” telekanalına təşəkkürümü bildirirəm ki, bu gözəl yarışları canlı efirlə tamaşaçılara təqdim edir. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Sağ olun!

30 iyul 2005-ci il

Xəbər 2895 dəfə oxundu.