Bakıda yeniyetmə güləşçilərin dünya çempionatının təntənəli açılışı olub
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb. Yarışlarda dünyanın 41 ölkəsindən 850-dək idmançı mübarizə aparır.
Avqustun 21-də mötəbər turnirin açılışı keçirilib. Bu mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Bu gün ölkəmizdə bir çox idman növləri inkişafdadır. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Olimpiya oyunlarında güləşçilərimizin qazandığı 2 qızıl, 2 gümüş və 3 bürünc medalın əhəmiyyətini qeyd etmişdir. R.Martinetti iştirakçıları salamlayıb, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkürü bildirib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev güləş üzrə yeniyetmələr arasında dünya çempionatının təşkilini ölkəmizə etibar etdiyinə görə, FİLA rəhbərliyinə öz təşəkkürünü bildirib. N.Əliyev deyib: “2012-ci il ölkə Prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbii ki, idmanın inkişafına yeni bir təkan veribdir. Bunun nəticəsidir ki, bir neçə gün öncə Londonda başa çatan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış edərək Vətənimizə 10 medalla dönmüşlər. Onlardan 7-si Azərbaycan güləşçiləri tərəfindən qazanılmışdır ki, bu da Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir”.

London olimpiadasından sonra keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, təcrübələrini artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev yeniyetmələrin dünya birinciliyini açıq elan edib.

Daha sonra FİLA tərəfindən Azərbaycan Güləş Federasiyasının nümayəndələri təltif edilmişdir. Azərbaycan Güləş Federasiyasının Beynəlxalq Yarışların Təşkili üzrə Daimi Komissiyasının sədri Sahir Məmmədxanov Bakıda keçirilən beynəlxalq yarışların yüksək səviyyədə təşkilindəki xidmətlərinə görə FİLA-nın qızıl medalı ilə təltif olunub.

AGF-in baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Azərbaycanda güləşin inkişafındakı xidmətlərinə və güləş qaydalarının yüksək səviyyədə tətbiqinə görə FİLA-nın gümüş medalı ilə mükafatlandırılıb.

Çempionat avqustun 27-də “Crescent Beach” mehmanxanasında çimərlik güləşi üzrə yarışla başa çatacaq.

Xəbər 1382 dəfə oxundu.